Portuqaliyalı velosipedçi Jorge Kristovao “Bakı-2015” ilk Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik yolu 62 günə qət etməkdə israrlıdır.
SportArena.Az xəbər verir ki, aprelin 10-da Portuqaliyadan yola düşən idmançı mayın 13-də Yunanıstan ərazisindən Türkiyəyə daxil olub. Velosipedçi mayın 17-də İstanbuldan yola düşüb.
Türkiyə Milli Olimpiya Komitəsində olan avropalı idmançı mayın 29-da Gürcüstana çatacağından əminliyini bildirib. Atlet Gürcüstandan Bakıyadək məsafəni isə iyunun 10-dək qət etmək niyyətindədir.
J.Kristovao uzun məsafəni qət etməkdə əsas məqsədinin keçdiyi ölkələrdə insanların diqqətini “Bakı-2015” birinci Avropa Oyunlarına cəlb etmək olduğunu bildirib.