Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli də Azərbaycanın futbol təsərrüfatında duruş gətirə bilmədi.
SportArena.az xəbər verir ki, "Xəzər adaları" futzal klubuna sponsorluq edən iş adamı da qaçmağa üstünlük verib. Bu mövsüm ölkə çempionu olan, Azərbaycanı UEFA kubokunda təmsil edəcək komanda başsız qalıb. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, İbrahim Nehrəmli komandanı maliyyələşdirməkdən imtina etdiyini bildirib. O, futzalçılara qalan borcu da ödəməyəcəyini deyib.
Futzalçılar üç aydı ki, məvacib almırlar. İbrahim Nehrəmli mətbuata verdiyi açıqlamada məvaciblərin gecikdiyini etiraf etmişdi və bildirmişdi ki, iki ayın məvacibi mayın 12-nə, bu ayın məvacibi isə mayın 17-nə qədər ödəniləcək.
Ancaq borclar ödənilməyib. İbrahim Nehrəmli isə komanda üzvlərinə borcu ödəyə bilməyəcəyiylə bağlı klubun icraçı direktoru Fuad Qəmbərov vasitəsiylə xəbər göndərib. Mənbə bildirir ki, məvaciblərini ala bilməyən legionerlər ölkələrinə qayıda bilmirlər. Federasiyanın prezidenti Zaur Axundov legionerlərlə görüşərək, onlardan bir neçə gün də səbr etməyi xahiş edib. Ancaq legionerlər Axundova inanmadıqlarını bildiriblər. Onlar məvacibləri verilməyəcəyi təqdirdə, aksiya keçirəcəklərini, Bakıda girov saxlandıqlarını bütün dünyaya bəyan edəcəklərini deyiblər.
Mənbə bildirdi ki, Hacı İbrahimin qaçmasından sonra böyük ehtimalla, "Xəzər adaları" dağılacaq və Azərbaycanı UEFA kubokunda "Fənər" təmsil edəcək. Məlumatda o da bildirilir ki, legionerlər UEFA-ya şikayət edəcəyi halda, Azərbaycan cəzaya məruz qala, UEFA kubokuna ümumiyyətlə, heç bir klubumuz buraxılmaya bilər.komanda.az