Bakının "İnter" klubundakı qeyri-müəyyən duruma gələn həftəyədək aydınlıq gələcək. SportArena.Az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bu haqda klub prezidenti Georgi Nikolov məlumat verib.
Bolqarıstanlı funksionerin sözlərinə görə, hazırda əsas məsələ mövsümü itkisiz başa çatdırmaqdan ibarətdir. G.Nikolov hələ 2 həftə öncə bu barədə futbolçularla söhbətinin olduğunu bildirib: "Onlara mövcud vəziyyəti izah etdim. Onlara dedim ki, kim istəyirsə, gedə bilər. Gələn mövsümdən isə büdcə azaldılacaq. Sağ olsunlar, hamı komandada qaldı və kişi kimi mübarizəni davam etdirdi. Yəni, ilkin vəzifə yerinə yetirildi".
Klub prezidenti hazırda növbəti mövsüm üçün büdcə üzərində işlədiklərini açıqlayıb. O bildirib ki, maddi problemlər üzündən "İnter"in Avropa Liqasına qatılmamasından söhbət gedə bilməz: "Bu məsələ hazırda müzakirə mövzusu deyil. Sadəcə, ölkəni necə təmsil edəcəyimiz maraq doğurur. Avroliqada pis iştirak etməyimiz və ya iştirak etməməyimiz Azərbaycan futbolu adına biabırçılıq sayılacaq".
G.Nikolovun sözlərinə görə, "İnter"də maddi problemlər klubun baş sponsoru Azərbaycan Beynəlxalq Bankının (İBA) öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar yaranıb: "Bizim baş sponsorumuz Beynəlxalq Bankdır. Biz müqaviləni İBA ilə bağlamışıq. Bank isə öhdəliklərini yerinə yetirmir. Əsas daxilolmalarımız bankdandır. Digər gəlir mənbələrimiz də var, amma onlar klubu saxlamaq üçün yetərli deyil. Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə isə əlaqə saxlaya bilməmişəm".
Qeyd edək ki, hazırda "İnter" Azərbaycan Premyer Liqasında 2-ci pillədə qərarlaşıb. Paytaxt klubunun mövsümü çempionluğu təmin etmiş "Qarabağ"ın ardından gümüş medalla başa vuracağı dəqiqləşib.