AÇIQLAMA "Hamını bir sual düşündürür ki, "Neftçi" necə qələb qazanıb"

00:51 20 May 2015

Cari mövsüm futzal üzrə Azərbaycan çempionatına yekun vuruldu. "Xəzər Adaları" mövsümü qızıl medalla başa vurdu. Ölkə kubokunda isə finalda "Fənər" "Neftçi" ilə üz-üzə gəlib. “ABU Arena”da baş tutan matçda "ağ-qaralar" rəqibinə 4:9 hesabıyla məğlub olub. Mövsüm başa çatsa da, çempionatda bəzi futzalçılar var ki, çıxışları ilə göz oxşayıb. 
 

Təbii ki, bunlardan biri də yığmanın və "Neftçi"nin oyunçusu Xətai Bağırovdu. Əsasən qarşılaşmalarda vurduğu qolları ilə yanaşı çılğınlığı, həmçinin hakim və rəqib futzalçılarla mübahisə etməsi ilə seçilən Bağırovdan başa çatan mövsüm haqda düşüncələrini öyrənmək istədik. Xətai futbolinfo.az saytına verdiyi açıqlamada səmimi və maraqlı fikirləri ilə yadda qaldı: 

"Çempionatda 4-cü yeri tutduq. Bildiyiniz kimi "Neftçi" üçüncülük uğrunda "Araz"a uduzdu. Bu üzdən bütün diqətimizi kuboka yönəltdik.  Fikrimcə, final görüşünə yaxşı hazırlaşmışdıq, ab-hava əla idi. İlk dəqiqələrdə həmişəki kimi 3-4 qol epizodundan yararlana bilmədik. "Fənər" də öz təcrübəsindən istifadə etdi. Rəqibin vurduğu ardıcıl qollarla oyunumuz "sındı". Bilirsiz, belədə matçı çevirmek çox çətin olur. Üstəlik, "Fənər" kimi rəqib qarşısında. Onlar bizdən yaxşı oynadı və həmin gün bizdən çox güclü idilər.  Kubokda 4:9 hesabıyla uduzduq və qol vurmasam da, 1 məhsuldar ötürmə ilə yadda qaldım. Lakin "Fənər"lə kubokdan 4 gün əvvəl oynadığımız oyunda biz onlardan güclü idik. Hətta 3:3 hesabıyla bitən görüşdə final fitinə 5 saniyə qalmış 4-cü topumuzun rəqibin və mövsümün ən yaxşı qapıçısı Emin Kürdov boş qapıdan keçməsinə imkan vermədi".

Kubokun yarımfinalında "Neftçi" ölkə çempionu "Xəzər adaları"nı mübarizədən kənarlaşdırdı. Bəziləri bunu sensasiya kimi qiymətləndirdi. Ancaq Bağırov bu deyilənlərlə razılaşmadı: "Hamını bir sual düşündürür ki, "Neftçi" "Xəzər adalarını" necə 8:4 udub? Hə olar da. Orda klubdaxili problemlər  var. Artıq bunu hamı bilir. Əksinə, bizdə hər şey qaydasındadı. Oyunçularımızdan 4 nəfər millinin üzvüdü. Legionerlərimiz də yaxşı kömək etdilər. Yenə deyirəm, məqsədimiz kuboku götürmək idi ki, o da alınmadı. Yeri gəliməşkən, hər kəs məni çılğınlığımla tanıyır. Mənim belə olmağım görüşlərə əla motivasiya olmaqdan irəli gəlir. Bu, bəlkə də, kənardan pis görsənir. Kimlərə görəsə, belə hərəkət etmək olmaz. Amma mən həmişə belə olacam. Komanda yoldaşlarım da mənə deyir ki, sən meydançadan kənarda tamam başqa insan olursan".

Xətai mütəmadi milliyə çağırılmasından da 1-2 cümlə söz açdı: "Yığmaya yeni baş məşqçi Tino Perezin gəlişindən sonra yerli futzalçılarımızın yolu açılıb. Yəni daha çox yerlilərə üstünlük verilir. 2 aydan sonra pley-off  oynayacağıq. Lakin rəqib hələ bilinmir . Yığmanın mərhələni rahat adlayacağına inanıram. Yəqin ki, iyuldan  milli hazırlıqlara başlayacaq. Buna qədər hazırlıq matçları da ola bilər".futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti