YAZI "Neftçi"nin yeni dəyərləri və ya Qarabağ veteranına verilən dəyər

13:38 21 May 2015

Son illərin “Neftçi”si ölkədə əməlli-başlı səs-küy salmışdı. Bir-birinin ardınca qazanılan medallar da var idi, o medalların iki fərqli üzü də... Medalın bir üzü par-par parıldayırdı, o biri üzü isə qalmaqallardan qaralmışdı.

 

Bir neçə il belə davam etsə də, ağ-qara dövran sona çatdı, Sadıq Sadıqovu devirdilər. Yeni gələn şura höküməti kadr dəyişikliyinə başladı.  Ancaq hamını çıxartmadılar. Gedənlər də oldu, qalanlar da. Düzü, bu seçimin hansı prinsiplər əsasında aparıldığını dəqiq bilmək olmur. Amma çıxarılanlar arasında operator Dadaş Zeynalovun olması həm təəccüblü, həm də təəssüfləndirici oldu. Niyə?

 

Birincisi, Dadaş Sadıq Sadıqovun kadrı deyildi. O, Rövnəq Abdullayevin vaxtından başlayaraq, 10 il idi ki, klubda işləyirdi. İkincisi, Dadaş Zeynalov işinin peşəkarı idi.

 

Bir vaxtlar var idi, Sadıq Sadıqova xoş getmək üçün klubun bəzi əməkdaşları hamıyla (digər klub rəsmiləri ilə, futbolçularla, jurnalistlərlə)  üz-göz olurdu, salamı qorxa-qorxa verirdilər. Dadaş belələrindən deyildi. O, çoxları kimi simasını itirmədi. İlk gündə necə idisə, sona qədər elə də qaldı.

 

Amma onu da işdən çıxartdılar, səbəbsiz çıxartdılar. “Neftçi”nin içraçı direktoru Elnur Məmmədov onu klubdan uzaqlaşdırdı. Dadaş Zeynalov bunu haqsızlıq sayır:

 

“Mən 10 ildi klubda çalışıram. Ramin Musayevlə, Tahir Süleymanovla, Sadıq Sadıqovla çalışmışam. İsəyirsiz, onlardan soruşun, görək mənim işimdə nə isə nöqsan olubmu. Mən ölkə prezidentinə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edirəm. Vətənin azadlığı uğrunda 5 il döyüşmüş birini işdən kənarlaşdırırlar. Ümumilli lider Heydər Əliyevin bir çağırışıyla müharibəyə yollanmışdım”.

 

Hər çıxışında Qarabağ veteranlarından ağız dolusu danışan “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bu məsələdə hansı addımı atacağı çox maraq doğurur. Abdullayev ən azından bu məsələni araşdırmalı və obyektiv qiymət verməlidir.sportal.az


Digər xəbərlər

Xəbər xətti