Əhməd Ələsgərov: “Bakı mənim ilk məhəbbətimdir”

10:42 22 May 2015

Azərbaycan futbolunun əfsanəsi Əhməd Ələsgərov dünən Odessada dəfn olundu. SportArena.az saytı mərhum mütəxəssisin 75 illik yubileyindən sonra “Toplu” jurnalına verdiyi müsahibəni təqdim edir:

 

- 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Yaxşıyam. Azərbaycandan zəng gələndə çox sevinirəm (Ə.Ələsgərov Odessa şəhərində yaşayır-red).

- Uşaqlığınızdan başlayaraq həyat yolunuza qısa nəzər salmaq istərdik. Necə xatırlayırsınız  uşaqlığnızı?

- Uşaqlığım Bakıda keçib. II dünya müharibəsi zamanı mən ibtidai siniflərdə oxumuşam. Kasıbçılıq içində yaşamışıq. 1945-ci ildən sonra yavaş-yavaş hər şey düzəlməyə başladı. Mənim məktəb və digər işlərdən savayı əsas işim futbol oynamaq olub. Futbola çox tez başlamışam. 5 yaşımda  axşama kimi  məhllədə oynayırdım. Rəsmi olaraq 8 yaşımda Razin qəsəbəsində (indiki Bakıxanov qəsəbəsi)  yerləşən Uşaq Futbol Məktəbinə gedirdim. Kuznitsov Konstantin Petroviç mənim ilk müəllimim olub. Oranın uşaq- gənclər komandasında ən yaxşılardan olduğum üçün məni tezliklə “Neftçi”yə götürdülər. Düzdü, gürcülər də istəyirdilər, amma alınmadı. 18 yaşımda məni orduya çağırdılar. Paralel olaraq “Neftçi”də məşq edirdim. Sonra məni sifariş vərəqəsinə saldılar və oynamağa başladım.

- Ötən əsrin 50-60-cı illərindəki Bakı ilə indiki Bakı arasında hansı fərqləri görürsünüz?

- Son vaxtlar Bakıya tez-tez gələ bilmirəm. Bakı gözəl şəhərdi.  O günü-gündən dəyişir. Amma mən onu müasirləşmiş formada yox, elə 50-60-cı illərdə olduğu kimi sevirəm. Bakı mənim ilk məhəbbətimdir. Dar küçələri, dalanları “Tarqovi”sıyla, milyonçuların tikdirdiyi binaları ilə sevmişəm Bakını... Odessa da gözəl şəhər hesab edilir. Yaşıl, təmiz, böyük şəhərdir. Ən əsası futbol mühiti var burada... Ona görə burada yaşayıram

- 1966-cı ildə “Neftçi”nin baş məşqçisi idiniz. Həmin vaxt Azərbaycan komandası ilk dəfə ittifaq birinciliyində bürünc medalları qazandı. Bu möhtəşəm uğurun memarı kimi necə xatırlayırsınız o günləri?

- İş onda idi ki, biz o vaxt futbol oynaya bilirdik. Biz nəinki bürünc hətta ikinci də ola bilərdik. Ətrafımızda o qədər səs-küy yaratmışdılar ki, bir az özümüzü itirmişdik. Çünki belə uğurlu çıxışı heç kim gözləmirdi bizdən. Sonra mən SSRİ yığma komandasında ikinci məşqçi də işlədim.  Bundan başqa mən “Neftçi” və “Çernomorets”i yüksək liqaya çıxarmışam. Ukraynalılarla da uğurlarım olub. Ikinci yeri götürmüşük. Futbolçularımı İspaniya və  İtaliyadan istəyirdilər. O vaxt İtaliya klubları bura yoldaşlıq oyunları keçirməyə gəlirdilər. Onlarla başa-baş oynayırdıq.

- Səhv etmirəmsə İtaliyada məşqçilik kursunu bitirmisiniz…

- Hə. Moskvadan göndərmişdilər oxumağa. İmtahan indyə kimi yadımdadır. Bileti çəkdim, oturdum. 1 nömrəli bilet düşmüşdü mənə. 3 sual vardı. 4-cünü komissiya üzvləri şifahi verirdi. Hamıdan tez cavab verdim. Məndən razı qalmışdılar. Ondan sonra Moskvaya qayıdıb daha bir imtahan verdim. Yüksək liqada işləyə bilmək üçün. Orada da  hamıdan birinci olmuşam. Təvazökarlıqdan kənar olsa da, mən həmişə birinci olmaq istəmişəm. Özümü öymürəm. Həyat prinsipim belə olub.   

- Sirr deyilsə, bürünc medalınız haradadır?

- (Gülür) Medal burdadı evdə. Odessada.

- Bildiyiniz kimi ölkəmizdə futbol yeni mərhələyə qədəm qoyub. Meydançaların tikilməsi, müxtəlif yaş qrupları üzrə çempionatların təşkili futbola olan marağın artmasına səbəb olub. Azərbaycanın canlı əfsanəsi kimi bu istiqamətdə hansı məsləhətləriniz var?

- Düzünü desəm, o qədər də məlumatlı deyiləm. Əvvəllər mənə AFFA-dan, İdmanla bağlı idarə və təşkilatlardan, futbol klublarının rəhbərləri tərəfindən zənglər olurdu. Tez-tez əlaqə saxlayırdılar. Sonradan yaddan çıxmağa başladım. Bir neçə adamdan savayı heç kim bu barədə məndən heç nə soruşmur, yararlanmır.

- Futbola gələn yeniyetmələrə hansı sözünüz var?

- Əsas odur ki, futbolla yaşayasan. Əgər ağlında ancaq top oynamaq, futbol varsa hər şey yaxşı olacaq. Qalan şeylər olmasa da olar. Futbol  geniş olaraq Azərbaycanda 60-cı illərdə yarandı. Bizim vaxtımızda. Onu sevgimizlə yaratmışıq. Gənclərə tövsiyəm odur ki, yetişən kimi Avropaya getsinlər. Qalmasınlar Azərbaycanda. Yayılsınlar Hollandiyaya, İspaniyaya, Almaniyaya. Axın çox olsa, ölkə futbolu da inkişaf etməyə başlayacaq.

- Son iş yeriniz “Bakı” olub. Müşavir və vitse prezident kimi çalışmısınız bu klubda...

- O vaxtkı “Bakı” rəhbərliyi klub qurmaq üçün mütəxəssis axtarırdı.  Nail Əliyev klub adından məni dəvət etdi. O insanların futbola olan həvəsləri, futbolla yaşaması məni çox sevindirirdi. Onlar futbolu bilən insanlar idi. Biz  “Bakı” komandası ilə Azərbaycan çempionu olduq.


Digər xəbərlər

Xəbər xətti