"Bakı-2015": Avropa Oyunlarına hazırlıq işləri yekunlaşmaq üzrədir

20:33 23 May 2015

Azərbaycan birinci Avropa Oyunlarına hazırlığın son mərhələsinə qədəm qoyub.

 

SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, açılış mərasimin keçiriləcəyi Bakı Olimpiya Stadionu daxil olmaqla, bütün idman obyektlərində hazırlıq işləri başa çatıb. Həmin obyektlərdə müxtəlif idman tədbirləri, sınaq yarışları keçirilib. İstər idmançıların, istərsə də digər rəsmi şəxslərin qalacaqları yerlərdə hazırlıq işləri yekunlaşıb.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov hazırda regionların yarısından çoxunda məşəllərin yandırıldığını qeyd edib. Bildirib ki, Bakı Olimpiya Stadionunda sınaq tədbiri başa çatıb. İyunun 6-da daha bir sınaq tədbirimiz olacaq. Bu dəfə daha çox tamaşaçının iştirakı ilə sınaq keçirəcəyik.

Elçin Səfərov deyib ki, akkreditasiya məsələləri davam etməkdədir. Hələ də idmançılar, rəsmi qonaqlar qeydiyyatdan keçirlər. Bakıda olan bütün otellərlə müqavilələr imzalanıb. Artıq onlar qonaqları qarşılamağa tam hazırdırlar. Atletlər və Media, eləcə də Mingəçevirdəki Atletlər kəndlərində son tamamla işləri gedir. Həmin obyektlərdə idmançılar üçün hər cür şərait yaradırıq. İşlərimiz öz axarı ilə gedir. Növbəti həftələrdə görəcəyimiz işlərin planları artıq mövcuddur. Ən maraqlı tədbirlərdən biri açılış mərasimi olacaq. Onun üçün lazım olan son sınaq işlərimiz, könüllülərin təlim proqramı davam edir.

Biletlərin satışı məsələsinə toxunan Elçin Səfərov deyib ki, Azərbaycanda Oyunların keçiriləcəyi yarışlara bilet satışı yüksək səviyyədə davam edir. Açılış mərasiminə biletlərin demək olar ki, səksən faizi satılıb. İyirmi və iki yüz manatlıq biletlər artıq tam satılıb. İdman obyektləri arasında isə yeni komplekslərə, xüsusilə Su İdmanı Sarayına biletlərin satışı daha çox üstünlük təşkil edir. Sonrakı yerlərdə karate və güləş yarışları durur. BMX, yəni dağ velosipedi, Milli Gimnastika Arenasında təşkil ediləcək idman yarışlarına da biletlər sürətlə satılır. Xarici ölkələrdən də yarışlara böyük maraq var. Böyük Britaniya, Almaniya, İtaliya, Niderland vətəndaşları bilet alanlar arasında ilk yerlərdədirlər. Bu, onu göstərir ki, birinci Avropa Oyunları təkcə Bakı üçün deyil, bütün Avropa və dünyanın digər ölkələri üçün böyük maraq kəsb edir.

Diqqətə çatdırılıb ki, Oyunların yayımı ilə bağlı altmışa yaxın ölkə ilə media yayımına dair müqavilələr imzalanıb. Bu siyahıda birinci yerdə Avropa ölkələri durur. Digər qitələrdən isə Cənubi Amerika ölkələrini, Hindistan, Çin, Avstriyaliyanı göstərmək olar. Birinci Avropa Oyunları Azərbaycanı bir daha böyük tamaşaçı auditoriyasına, dünya ictimaiyyətinə təqdim etmək üçün gözəl şansdır.


Digər xəbərlər

Xəbər xətti