Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı ölkənin şimal-qərb qapısı Balakən rayonu olub.
SportArena.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, mayın 23-də minlərlə balakənli məşəl estafetinin sevincini yaşamaq üçün günorta saatlarından başlayaraq şəhərin Heydər Əliyev prospektinə toplaşıblar.
Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev alqış sədaları altında Balakən şəhərinin girişində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl estafeti şəhərin mərkəzinə - Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkına doğru istiqamət götürüb. 10 məşəlçi Heydər Əliyev prospekti ilə hərəkət edərək, məşəli növbə ilə bir-birinə ötürməklə 2700 metrdən artıq məsafə qət ediblər. Estafetin sonuncu iştirakçısı – yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, beşqat Azərbaycan çempionu Hacımurad Çopsiyev parkın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izləyiblər.
Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Birinci Avropa Oyunlarının məşəli Balakəndən Zaqatala rayonuna yola salınıb.