"Qəbələ" klubunun Avropa Liqasına hazırlıq planı müəyyənləşib.
SportArena.az xəbər verir ki, bu barədə sportnet.az-a komandanın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, "qırmızı-qaralar" iyulun 10-da bir araya gələrək, Türkiyənin Ərzurum bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Yüksək dağlıq ərazidə 9 günlük təlimlər daha çox fiziki hazırlığın yüksəldilməsinə xidmət edir. Daha sonra "Qəbələ" Vətənə qayıdaraq, Avroliqanın I təsnifat mərhələsindəki ilk oyunadək hazırlığı doğma rayonunda davam etdirəcək.
S.Səfiyarlı Avropada hazırlıq keçməyə baş məşqçi Roman Qriqorçukun ehtiyac duymadığını söyləyib: "Qriqorçuk dedi ki, Avstriya, Sloveniya və ya Avropanın digər dağlıq əraziləri ilə Qəbələnin təbiəti eynidir. Digər tərəfdən, Avroliqada mübarizəni erkən mərhələlərdə dayandırsaq, Premyer Liqaya hazırlıq üçün vaxt boşluğu yarana bilər. Həmin müddətdə güclü rəqiblərlə üz-üzə gəlmək üçün Avropa ölkələrinə toplanışa yollanmağımız mümkündür.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Komandanın ilk rəqibləri iyunun 22-də bilinəcək. Oyunlar isə iyulun 2-də və 9-da olacaq.