Azərbaycanın futzal üzrə çempionu "Xəzər adaları" demək olar, tamamilə dağılıb.
Bu barədə məlumatı klubun özündən veriblər. Azərbaycan çempionu kimi UEFA kubokunda iştirak etməli olan komandanın artıq bu turnirdən imtina etdiyi məlumdu. Böyük ehtimalla, "Xəzər adaları"nı futzal çempionatında ikinci yeri tutmuş "Fənər" əvəzləyəcək.
"Xəzər adaları"nın dərdi təkcə UEFA kubokuyla bitmir. Ümumiyyətlə, komandanın tamamilə dağılacağı, növbəti mövsümdə çempionatda iştirak etməyəcəyi gözlənilir. Düzdü, hazırda Azərbaycan Futzal Federasiyası "Xəzər adaları"nın həyatda qalması üçün nəsə etməyə çalışır. Amma çox güman, komanda fəaliyyətini birdəfəlik dayandıracaq.
"Xəzər adaları"nın sahibi Hacı İbrahim Nehrəmlidi. O, bəzi iş adamları kimi, Azərbaycan Beynəlxalq Bankına borclu olduğu kreditə görə istintaqa cəlb olunub. Nehrəmli demək olar ki, müflis olmaq üzrədi. Onun belə vəziyyətdə "Xəzər adaları"na pul və zaman ayırmayacağı dəqiqdi. Bunu klub rəhbərliyi, komandada çıxış etmiş futzalçılar da anlayırlar. Elə buna görə də, artıq "Xəzər adaları"nda futzalçı qalmayıb. Onlar komandanı tərk ediblər və hələ də ümid edirlər ki, Nehrəmli onlara borclu olduğu pulları verəcək...komanda.az