Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində təqdimat keçirilib.
SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tədbirdə çıxış edərək iştirakçılara birinci Avropa Oyunları haqqında məlumat verib. Diplomat bu mötəbər idman tədbirinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.
Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından tədbir iştirakçılarını salamlayan ÇOK-un mətbuat katibi Aleksandr Kliment ölkəsindən olan idmançıların birinci Avropa Oyunlarına hazırlıqları barədə məlumat verib. O, çexiyalı idmançıların ilk Avropa Oyunlarına güclü heyətlə qatılacağını vurğulayıb.
Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, parlamentin deputatları, Praqada akkreditə olunan diplomatik korpusun və kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirilib, birinci Avropa Oyunları ilə bağlı təbliğat materialları paylanıb.