"Bakı-2015": Növbəti Alov Festivalı Şəkidə

14:55 26 May 2015

Birinci Avropa Oyunlarının alovu Azərbaycan səyahətinin növbəti günündə, mayın 25-də Oğuz və Şəkidə qarşılanıb.

 

SportArena.az xəbər verir ki, zümrüd meşələri, yaşıl yamacları, sərin bulaqları, duru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40-dan artıq şəfalı bitkisi ilə zəngin olan, mənzərəli Oğuzun 40 faizini meşələr təşkil edir. Tarixi neolit dövrünə gedib çıxan rayonun ərazisi 1077 km2, əhalisi 41 min nəfərdir.

2,33 km-i əhatə edən estafet yürüşünə Heydər Əliyev prospektinin Saleh Qazıyev və Mirzə Ələkbər Sabir küçələri ilə kəsişməsində Rəfiqə Babayeva start verdi. Bayraq meydanına qədər yürüşü Dinara Salamova, Ehtiram Nəsibov, Ziya Cumayəddin, Elvin Qarayev, Ətayə Ramazanova, Cavidan Həsənov, Müslüm Mövludov və Vüqar Bəkirov davam etdirdilər. Burada Araz Umarov olimpiya idman kompleksinin ərazisinə daxil olaraq, son məsafəni qət etdi. O, digər həmkarlarının müşayiəti ilə kompleksdə quraşdırılmış səhnənin önünə gəldi və Bakı 2015 çırağını yandırdı.

Məşəl estafetin iştirakçısı Araz Umarov təəssüartlarını bölüşdü: “Mənim üçün çox gözəl, unudulmaz bir gündür, sevincim hədsizdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi isə mənim üçün bir ömürlük xatirə, Avropa idmanı üçünsə yeni tarixin ilk səhifəsi olacaq. Alov səeyahət Azərbaycanı qarış-qarış gəzir. Artıq məşəl heyəti Oğuza da gəlib çatıb və hər tərəf bayram büsatına qərq olub. Bir keçmiş güləşçi kimi, Avropa Oyunlarında pəhləvanlarımızı yaxından izləyəcəyəm. Elə yarışları yaxından izləmək üçün yetirmələrimlə paytaxta yollanacağam. Həm komandamıza dəstək olacağıq, həm də yetirmələrimin yarış ovqatını hiss etğməsinə şərait yaradacağıq”.

Bakıda Atəşgah məbədində ilk məşəlin alovlandırılması mərasimindən videofraqmentlər, birinci Avropa Oyunlarına həsr olunmuş təbliğat çarxı nümayiş etdirildikdən sonra məşəlçilər səhnəyə dəvət olundular. Bakı 2015-in Oğuza hədiyyəsi olan çırağın təhvil verilməsi mərasimi oldu. 16 yaş Nurtac Kazımova çırağı rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verdi.

Sonra Bakı 2015 alovu dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşən qədim Şəkiyə gətirildi.

Ərazisi 2.43 min km2, əhalisi 181 min nəfər olan Şəkidə məşəl karvanı əvvəlcə qədim Kiş kəndinə gəldi. Kənddə yerləşən qədim xristian dünyasının Qafqazda ilk ocaqlarından biri olmuş alban məbədi tarixi əhəmiyyətə malikdir. İsa peyğəmbərin həvarilərindən müqəddəs Yakovun xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərdiyi missioner Yenisey təqribən 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikib. Burada aparılan fotoçəkilişlərdən sonra karvan Şəki qala divarları önünə gəldi.

Dünya abidələri siyahısına daxil edilmiş və 1790-1797-ci illərdə Məhəmmədhəsən xanın inşa etdirdiyi Xan sarayında ayaq saxlamadan məşəlin Azərbaycan səyahəti natamam görünərdi. İkimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarət bu nadir memarlıq əsəri dünyada analoqu olmayan mismar və yapışqandan istifadə edilmədən inşa edilib.

Birinci məşəlçi Sədaqət Məmmədzadənin iştirakı ilə aparılan çəkilişlərdən sonra elə buradan estafet başlandı. 2,2 km-lik məsafəni Mirzə Fətəli Axundzadə prospekti və 20 Yanvar küçələrindən keçərək, Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Aqşin İbrahimov, Zəminə Rəsulova, Samir Əsgərov, Seymur Qasımzadə, Bəkir Xəlilov, Qabil Qədimov, İntiqam Əmrahov, Məmmədnuru Əzizov, həmçinin Avropa Oyunlarının rəsmi dəstəkçilərindən “Bazarstore”nin nümayəndəsi Günay Məmmədova və Bakı 2015-in ulduz elçisi Vaqif Rəsulov davam etdirdilər. Respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə məşəllə Məhəmməd Əmin Rəsulzadə və Mirzə Fətəli Axundzadə prospektlərinin kəsişməsində qurulmuş səhnə önünə qədər məsafəni həmkarlarının müşayiəti ilə qət etdi.

Həmin vaxt burada artıq Alov festivalı başlanmışdı. Yerli incəsənət və mədəniyyət ustalarının ifasının, milli rəqslərin xüsusi ovqat bəxş etdiyi izdihama Avropa Oyunları Bakı 2015-in alov səyahəti barədə məlumat verən aparıcı estafetin son iştirakçısını səhnəyə dəvət etdi. Mərasimə toplaşan izdihamlı kütlənin gur alqışları ilə sonuncu məşəlçisi səhnəyə qalxaraq, Oyunların sonuna qədər söndürülməyəcək daha bir Bakı 2015 çırağını alovlandırdı.

Məşəl yürüşündə iştirak etmiş Sədaqət Məmmədzadə fikirlərini bölüşdü: “Heç inanmazdım ki, məşəl estafetinin iştirakçısı ola bilərəm. Özümü çox xoşbəxt hiss edirəm. Bu anlar ömür boyu unudulmaz xatirə olacaq. Axı, mən də Avropa Oyunları kimi, böyük bir ənənənin təməlini qoyanlar cərgəsində olacağam. Avropa Oyunları indidən Azərbaycanın böyük qələbəsi sayıla bilər. Amma əminəm ki, yarış meydanlarında da idmançılarımız qalib gəlmək üçün əllərindən gələni edəcəklər və yekunda uğur qazanacağımıza əminəm. Daha çox güləşçilərimizdən parlaq qələbələr gözləyirəm”.

Qələbəlik, izdiham şəratində keçən tədbirdə Atəşgah məbədində alovun alınması mərasimi barədə videokadrlar və Bakı 2015-ə həsr olunmuş təqdimat çarxının nümayişindən sonra məşəlçilər səhnəyə dəvət olundular. Sonra çırağın Şəkiyə təqdim olunması mərasimi keçirildi. Onu ictimaiyyətinin nümayəndəsinə 17 yaşlı Orxan Ramazanov təhvil verdi.

Könüllülərin və sakinlərin havalandırdıqları şarlar, sülh elçisi göyərçinlər mərasimə rəngarənglik gətirdi. Bakı 2015 üçün hazırlanmış möhtəşəm “Alov rəqsi”nin səhnə obrazı və musiqisinin sədalarının major notları ilə eyni məqamda səmaya açılan fişənglərin gətirdiyi coşğu ilə bayram ovqatı kulminasiya nöqtəsinə çatdı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlərwww.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Bakı 2015 alovu səyahətini mayın 26-da İsmayıllı rayonunda, günün ikinci yarısında isə Qəbələdə növbəti festivalla davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti