Bakı-2015 Qərbi Asiyada ən böyük ölkə olan İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib. Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, “General Entertainment and Media” (GEM TV Qrup) bu ölkə üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBİRD kanallarından ödənişsiz yayımlayacaq.
Razılaşmaya əsasən, televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. Bakı-2015 yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Hon-Konq, Ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına qoşub.
Bakı-2015 Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq bildirib ki, bu, çox təqdirəlayiqdi: “Məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etməkdi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir. İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir”.