"Neftçi"nin qapıçılar məktəbinin rəhbəri Dmitri Kramarenkonun müsahibəsi
- "Neftçi"dəki işləriniz necə gedir?
- Mən hələ əsas komandaya baş vurmamışam. Öz işimə Azərbaycan Kubokunun final matçından sonra başlayacağam. Qapıçı məktəbinə gəlincə, tezliklə işimə başlayacağam. Son dövrlər məşqçilik kursunda idim, sonra Vladiqafqazda Nazim Süleymanovun yubiley matçında iştirak etdim. Ona görə işlərimi bir qədər təxirə salmalı oldum.
- Kamran Ağayevin Türkiyənin "Kayserispor" klubu ilə müqaviləsinin müddəti başa çatıb. "Neftçi" onunla maraqlanmır?
- Kamranı dəvət etməli olsaq, komandada Aqil Məmmədovla Saşa Stamenkoviç kimi qapıçıların olmasını da nəzərə almaq lazımdır. Bildiyimə görə, serbiyalı qapıçı ilə müqavilənin müddəti başa çatır. Onun qalıb-qalmayacağı hələlik, bəlli deyil. Mənim fikrimi soruşsalar, bir çox məqamları nəzərə almaq lazımdır. Çünki komandanı Avropa Liqası gözləyir, təcrübəli qapıçıya ehtiyac var. Baxmayaraq ki, mən qapıda yerli qapıçının durmasının tərəfdarıyam.
- Bəs sizin bu mövqedə favoritiniz kimdir?
- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da yerli qapıçının vacibliyini başa düşdüyü üçün Andrey Popoviçi heyətə cəlb etdi. Baxmayaraq ki, Dmitri Bezotosnı sabit çıxış edir.
- "İnter"i tərk etməsi gözlənilən Səlahət Ağayevlə maraqlanmırsınız?
- Klub rəhbərliyindən çox şey asılıdır. Mən komandada üç qapıçının olmasını istəyirəm. Onların ikisi əsas heyətə düşmək uğrunda mübarizə aparmalıdır, biri isə gənc və perspektivli olmalıdır. Amma Aqil Məmmədov, Kamran Ağayev və Səlahət Ağayevin üçünü də komandamızda saxlamaq dəqiq lazım deyil.
- Bizdə olan məlumata görə, "Neftçi" rusiyalı Yuri Syomin və Hacı Hacıyevlə maraqlanır. Arif Əsədov əvəzlənməli olsa, onlardan hansı ilə çalışmaq istəyərdiniz?
- Şübhəsiz ki, Syominlə. Hər ikisinə hörmətim var. Amma Syominə üstünlük verərdim. Mən onunla çalışmışam və yenidən bir yerdə işləməyimizi istərdim. Syominə Azərbaycandan təklif olduğunu eşitmişdim. Amma "Neftçi"dən olduğunu bilmirdim. Hələ də onunla əlaqəm var.
- Əgər ona real təklif olunsa, siz onu razı salmağa çalışarsınız?
- Buna ehtiyac yoxdur. O, özü vəziyyəti gözəl bilir. Syomin klubumuzun idman direktoru Vəli Qasımovla da yaxşı tanışdır. Çingiz Abdullayevi gözəl tanıyır. İddialı insandır. Əgər o, dəvət olunsa, vaxt verilsə, sizə tam zəmanət verirəm ki, "Neftçi"ni çox güclü komanda edər.azerisport