Avropa Oyunlarına lənkəranlı nənələr də hazırlıq görür. Cənub bölgəsinin folklorunun canlı parçası olan xanım-xatın Nənələrin yeni repertuarında Bakıda keçiriləcək I Avropa Oyunları da yer ayrılıb.
Bölgənin ən qədim ayin, mərasim, əmək nəğmələrini ifasında cəmləyən Lənkəranlı Nənələr həm də dövrün, zamanın nəbzini tuta bilmələri ilə gündəmdədir. Bakıda keçiriləcək I Avropa Oyunlarına nənələrin də öz hazırlıqları var.
Ansamblın üzvü Qızbəs Əhədova deyir ki, qonaqları mahnı ilə qarşılayacaqlar.
Lənkəran rayonunun Separadi kəndində 1982-ci ildə 6 bacı tərəfindən yaradılan və bu günə kimi fəaliyyətini davam etdirən Nənələrin zəngin mahnı boxçası var. Bu mahnıların arasında eləsi var ki, ansamblın vizit kartına çevrilib.
Ansamblın üzvü Gülbəzək Kərimova bildirib ki, onların ən gözəl, ən populyar mahnısı “Ay Lolo”dur: "Həmişə bir yerə gedəndə deyirlər ki, bu mahnını bizim üçün oxuyun".
Bu qədər səs-küylü musiqi bazarında xalqın folklor nəğmələrinin öz xiridarları var. İndi rayonda, respublikada elə bir bayram mərasimi yoxdur ki, Nənələrin səsi ordan gəlməsin.
Ansamblın üzvü Xanımbacı Quliyeva qeyd edir ki, hər bir mahnının öz yeri var: “Toy mahnısı ayrıdır, tədbirin mahnısı ayrı. Yazmamışıq, eşitmişik, oxumuşuq, bəstələmişik”.
Hazırda nənələr repertuara daxil etdikləri yeni mahnılar üzərində işləyir.
I Avropa Oyunları Nənələrin repertuarına da təsirsiz qalmayıb. Repertuardakı son mahnı I Avropa Oyunlarının tərənnümü ilə bağlıdır.