Röya kubokun finalına qatılacaq? AÇIQLAMA

13:12 27 May 2015

"Müğənni Röya Ayxanın Azərbaycan Kubokunun finalında iştirakı ilə bağlı heç bir problem yoxdur". Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Marketinq departamentinin rəhbəri Mansur Novruzov deyib.

 

Novruzov bildirib ki, Röyanın ölkəni tərk edərək, Avropaya yollandığına dair xəbərlərlə tanış olduqdan sonra o, müğənninin prodüseri Kənan Bayramovla əlaqə saxlayıb. Bayramov isə populyar ifaçının iyunun 3-də Qəbələ şəhər stadionunda "Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək final matçına gəlişi ilə bağlı heç bir problemin olmadığını deyib. PFL rəsmisi Röyanın finala qatılmama ehtimalının olmadığını söyləsə də, ehtiyat variantlarının hər zaman mövcudluğunu dilə gətirib.

 

Novruzov tədbirin yüksək səviyyədə keçirilməsi üçün görəcəkləri işlərdən də danışıb: "Final oyunu ilk dəfə bölgədə keçiriləcək. İstəyirik ki, bu oyun Qəbələ sakinləri üçün bayrama çevrilsin. Ona görə də bəzi planlarımız var. Düzdür, bu dəfə uduşa avtomobilin qoyulması çox güman ki, alınmayacaq. Amma əvəzində tamaşaçılar kubokun stadiona endirilməsindən tutmuş konsert proqramınadək maraqlı olaylara şahidlik edəcəklər".

 

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı iyunun 3-də saat 21:00-da başlanacaq. Bundan bir gün öncə iki komandanın 1996-cı il mayın 15-dəki final matçında üz-üzə gəlmiş heyətləri arasında xatirə görüşü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti