Bu da son. Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünə mayın 28-də yekun vurulacaq. Əslində, mövsümə de-fakto çoxdan yekun vurulub. Mükafatçılar bəlli, elitadan gedənlər və gələnlər də məlum. Sadəcə, çempionatı de-yure başa vurmaq qalırdı ki, bu cansıxıcı yükdən də Peşəkar Futbol Liqası mayın 28-də canını qurtaracaq. “Bir daha belə maraqsız çempionata tuş gəlməyək” demək istəyirik, amma deyə bilmirik. “Niyə”si də bəllidi, hadisələrin gedişi göstərir ki, növbəti mövsüm bu ilə şükür edəcəyik.
Belə təntənəyə xələl gətirmək olmaz
Bu tur yalnız Qəbələdə azarkeşlər üçün maraqlı məqamlar yaşana bilər. “Qəbələ” “Bakı” ilə qarşılaşmada bürünc medalları qəbul edəcək. Təbii ki, belə təntənəyə xələl gətirmək olmaz. Mütləq qələbə qazanmaq lazımdı. Rəqib də münasibdi - çempionatın ritmindən lap əvvəldən qopan “Bakı”dı. Qalib gəlmək, medalları qəbul etmək və avrokuboklara hazırlaşmaq lazımdı. Hazırlaşmaq lazımdı ki, “Qəbələ” ötənilki fiasko ilə üzləşməsin.
Statistika nə deyir?
“Bakı” son 9 qarşılaşmada qalib gələ bilməyib. “Qəbələ” ardıcıl 9 oyundu meydanı qolsuz tərk etmir. Cari mövsümün hər 3 oyununda eyni sayda - 2 qol vurulub.
Qəbələ - Bakı: 27 oyun, 9 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət, top fərqi 27:29.
Lənkərandakı oyun baş tutacaq?
Çempionatın son turunda “Xəzər Lənkəran” “Simurq”u qəbul edəcək. Bu oyunun baş tutub-tutmayacağı hələ də müəmmalıdı. Zaqatala klubu Lənkərana səfər etmək üçün pul tapa bilmir. Acınacaqlı durumdu, ancaq reallıqdı. “Simurq” Lənkərana getsə də, məğlub olmağa gedəcək. Çətin ki, cənublu gənclər komaya düşən “Simurq”un futbolçularını “fırtınalar meydanı”ndan sağ buraxsın.
Statistika nə deyir?
Lənkəranda baş tutan son 2 oyunda hər iki komanda qol sevinci yaşayıb. Cari mövsümün matçlarında meydan sahibi olan komanda 3 xal əldə edib. Son 4 qarşılaşmada meydan sahibi olan tərəf 2 qol vurub.
Xəzər Lənkəran - Simurq: 21 oyun, 10 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi 30:24.
Bunu da düşünsələr, pis olar?
Rəhbərlikdə aparılan kadr islahatlarından sonra olan-qalan nüfuzunu da itirən “Neftçi” son turda AZAL-ı qəbul edəcək. Ötən tur “Bakı”ya qalib gələ bilməyərək bürünc medaldan da əlini üzən “ağ-qaralar”ın gününə ağlayan gərəkdi. Komandanın baş məşqçisi Arif Əsədov hər biabırçılıqdan sonra “kubokun finalını düşünürük” deyir. Güman ki, “Neftçi” elə AZAL-la oyunda da kubokun finalını düşünəcək. Düşünməyinə düşünsünlər e, amma bu komandanın tarixinə yazılan biabırçılıqların sayının artdığını da düşünsələr, pis olar?
Statistika nə deyir?
Paytaxt derbisində “Neftçi” böyük üstünlüyə malikdi. “Ağ-qaralar” son 7 ev oyununda ardıcıl qələbə qazanıb.
Neftçi - AZAL: 25 oyun, 13 qələbə, 7 heç-heçə, 5 məğlubiyyət, top fərqi 42:20.
“Bankirlər” Sumqayıta aparmağa futbolçu tapacaq?
Turun daha bir qarşılaşması isə Sumqayıtda baş tutacaq. Baş tutacaqmı? “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ölkəsinə qaçacağını bildirdi. Elə legionerlərə də icazə verdiyini bəyan etdi. “Bankirlər” Sumqayıta aparmağa futbolçu tapacaqmı? Taparlar yəqin. Daim gözümçıxdıya salınan yerlilərə nə gəlib?
Statistika nə deyir?
“Sumqayıt” tarixi ərzində “İnter”ə qalib gəlməyib. “Gənclik şəhəri” təmsilçisi bu rəqibə tarixində cəmi 1 qol vurub. Son iki qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.
Sumqayıt - İnter: 11 oyun, qələbə yoxdu, 3 heç-heçə, 8 məğlubiyyət, top fərqi 1:17.komanda.az