"Bakı-2015": Taekvondoçularımızın adı məlum oldu

15:20 27 May 2015

I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək taekvondoçuların adlarına aydınlıq gəlib.
 
SportArena.az
xəbər verir ki, oyunlarda 4 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacağıq. Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beygi Harçeqani (80 kq) və yeni dünya çempionu Radik İsayev (+80 kq) çıxış edəcək. Qadınlardan isə Patimat Akabarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) yarışacaq.
 
Bu barədə Publika.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib. O, açıqlamasında adıçəkilən idmançıların hansı göstəriciyə görə seçilməsinə də toxunub:
 
“İdmançılar il boyu keçirilən bütün beynəlxalq turnirlərdə qazanılan nəticələr, həmçinin axırıncı dünya çempionatında göstərdikləri performansa görə bu mötəbər turnirə seçiliblər. Biz I Avropa Oyunlarında iştirak etmək üçün ən güclülərimizi seçmişik. İnanıram ki, seçilmiş 8 idmançıdan bayrağımızı qaldırıb himnimizi səsləndirənlər olacaq. Bu gücə sahib, buna layiq idmançılarımız var. Onu da qeyd edim ki, fevral ayında məşq vaxtı ayağını zədələyən dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov hələ tam sağalmayıb. Buna görə də, Əzizov I Avropa Oyunlarına yox, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara qatıla biləcək”.
 
Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. İyunun 16-da start götürəcək mübarizə 4 gün davam edəcək.


Digər xəbərlər

Xəbər xətti