Birinci Avropa Oyunlarında Latviyanı atıcılıq idmanı üzrə Lauris Strautmanis və Aqate Raşmane təmsil edəcəklər.
SportArena.az xəbər verir ki, bu barədə Latviya Olimpiya Komitəsindən məlumat veriblər.
Latviya idmançıları Avropa Atıcılıq İdmanı Konfederasiyasının reytinqində ilk otuz idmançı sırasında yer aldıqdan sonra Avropa Oyunlarına vəsiqə qazanıblar. L.Strautmanis mart ayında yeniyetmələr arasında Avropa çempionatında 10 metr məsafəyə atıcılıq yarışlarında gümüş medal qazanıb, A.Raşmane isə 7-ci yerlə kifayətlənib.
Badmintonçu Reynis Krauklis də Bakıda birinci Avropa Oyunlarında iştirak edəcək. O, “wild card” deyilən xüsusi dəvət alıb. Daha əvvəl məlum idi ki, Kristina Şerer də bu Oyunların təsnifat yarışlarında fərqlənib. O, həm fərdi, həm də İyeva Pope ilə birlikdə cütlüklərin yarışında iştirak edəcək.
Latviya Badminton Federasiyasının başçısı Marek Qruşkevits bildirib ki, Avropa Oyunlarında badminton turnirində fərdi yarışlarda 32 idmançı, qoşa yarışlarda 16 cütlük iştirak edəcək. Bu Oyunlarda Latviyanın üç badmintonçusunun iştirak etməsini və Latviyanın badminton üzrə beş yarışdan üçündə təmsil olunmasını böyük nailiyyət saymaq olar.
Stolüstü tennis üzrə yeganə vəsiqəni Avropa reytinqində yüksək mövqe tutan Matis Burqis qazanıb. Karate üzrə bu ölkəni Ruslan Sadıqov təmsil edəcək.
İyulun 12-dən 28-nə qədər Azərbaycan paytaxtında keçiriləcək birinci Avropa Oyunlarında Latviyanı ümumən 70 idmançı təmsil edəcək.