Azərbaycan futbolunun böyük hissəsini işğal altına alan AFFA-dakı qüvvələr müvəffəqiyyətlə irəliləyir. Elxan Məmmədovun rəhbərliyi altında Gəncə futbolunu da ələ keçirtdilər. Onların şura hökümətini qərb bölgəsində də tanımalı oldular.
Növbət mövsümdən “Qəbələ” və “Qarabağ”ı gözləyən təhlükə barədə hələ bir müddət əvvəl yazmışdıq (http://sportal.az/?goal=news&id=55126). Həmin yazıda Elxan Məmmədovun işğal planının məqsədini və ssenarisini də açıqlamışdıq. Göründüyü kimi, hər şey plan üzrə davam eləyir.
Həqiqətən də, cəzasızlıq çox təhlükəli şeydir. Etdiyi əməllərə görə cəzalanmayacağını bilən insanların gözü demək olar ki, heç nəyi və heç kimi görmür. Bunu bir çox məmurların simasında da görmüşük, görürük də. Ancaq ölkədə baş verən proseslər onu göstərir ki, dövlət başçımız belələrinə qarşı sərt mövqedə dayanır və zamanı çatanda, onların hamısına yerinə göstərir. Bu gün “bayraq xəyanəti”, “maliyyə xəyanəti” ilə suçlananlar prezidentin gözündən “bandotdel”in zirzəmisinə qədər eniblər. Kim bilir, bəlkə də, bir gün “futbola xəyanət” ilə suçlananları da sorğu-suala çəkdilər. Berlindəki futbol məktəbinə xərclənən(?) pullardan tutmuş, ta “Futbol dünyası” qəzetinə ayrılan fantastik (əslində, absurd demək daha doğru olardı) məbləğin hesabı da sorula bilər.
Görünən odur ki, futbola hələ növbə çatmayıb. Burada cəzasızlıq mühiti davam eləyir. Bu durum AFFA-nın baş katibini o qədər məmnun eləyir ki, Məmmədov artıq ümumiyyətlə ictimai qınağı nəzərə almır. Belə olmasaydı, Elxan Məmmədov AFFA-nın mətbuat katibini “Kəpəz” klubunun Müşahidə Şurasına üzv təyin eləməzdi. Əslində, bu, idman prinsiplərinin pozulmasıdır. AFFA-da əhəmiyyətli bir postu tutan adamın eyni zamanda klub idarəçisi olmağı nə qədər düzdür? Hələ biz əməkdar jurnalist Mikayıl Nərimanoğlunun bu vəzifəyə hansı bacarıq və keyfiyyətlərinə görə təyin olunduğunu soruşmuruq.
Gəncə, başın sağ olsun... Elxan Məmmədov “Kəpəz”i də işğal etdi. Bundan sonra “Kəpəz” də, “Neftçi” və “Sumqayıt” kimi Məmmədovun maraqları üçün döyüşəcək.
Emin ABBASOV