AÇIQLAMA "İnanırıq ki, Elmar Vəliyev "Kəpəz"ə dəstək verəcək"

20:02 28 May 2015

"İclas keçirildi, komandanın baş məşqçisi, Müşahidə Şurasının üzvləri təsdiqləndi. İnanıram ki, "Kəpəz" ölkə çempionatında Gəncəni layiqincə təmsil edəcək". Bunu "Report"a açıqlamasında "Kəpəz" klubunun icraçı direktoru Mehman Allahverdiyev deyib.
 
 
Yeni strukturla bağlı məlumat verən klub rəsmisi Premyer Liqadakı iddialarından danışıb. O bildirib ki, komandanın hədəfi turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşmaqdır: "Ancaq bu futboldu və gözlənilməz nəticələr çox olur. Mənim ilk məşqçilik karyeramda hədəfimiz ilk 6-lıqda qərarlaşmaq idi. Ancaq biz 3-cü yeri tutduq və kubok qazandıq. Çalışacağıq ki, elitada yaxşı nəticə qazanaq və qismət olarsa, Avropa Liqasına da gedərik".
 
Allahverdiyev komandaya yeni transferlərin olacağını da deyib. Onun sözlərinə görə, Gəncə təmsilçisi üstünlüyü yerli futbolçulara verəcək: "Transfer etmək bir az çətin olacaq. Çünki yerli futbolçuların əksəriyyəti digər komandalardadı. Bu işlərin hamısı baş məşqçimiz Şahin Diniyevə həvalə olunub. Gəncənin adına uyğun komanda formalaşdırılmalıdı. Klubumuz peşəkarlardan təşkil olunub və istərdik ki, güclü futboдçular transfer edək".
 
İcraçı direktor klub büdcəsinin hələ təsdiqlənmədiyini söyləyib. Sponsorlarla danışıqların getdiyini vurğulayan Allahverdiyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də kluba dəstək verəcəyinə inandığını bildirib.
 
Klub rəsmisi komandanın ev oyunlarını keçirəcəyi stadionla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, Gəncədə yerləşən stadionda təmir işləri aparılacaq: "Stadionda güclü işlər gedəcək və təmir olunacaq. İcra başçısı ilə bu barədə söhbətimiz olub. Ola bilsin ki, ev oyunlarımızı müvəqqəti olaraq Yevlax şəhər stadionunda keçirək. Bu, mümkün olmayacağı təqdirdə, bir neçə oyunu "Dalğa Arena"da keçirəcəyik. amma bu, daimi olmayacaq".


Digər xəbərlər

Xəbər xətti