Valeriya Məmmədova (Korotenko): "Hazırda Polina Nataşadan heç nədə geri qalmır"

10:32 29 May 2015

Şənbə günü qadınlardan ibarət voleybol yığmamız Avropa çempionatına vəsiqə qazanmaq uğrunda çox böyük addım atdı. “Azəryol” Voleybol Mərkəzində keçirilən oyunda Slovakiyanı “quru” hesabla məğlub edən millimiz üçün səfərdə qazanılacaq 2 set də yetərli olacaq. Qələbədə analıq məzuniyyətini başa vurduqdan sonra ilk rəsmi oyununa çıxan Valeriya Məmmədovanın da rolu böyük oldu. Düzdü, liberoda oyun praktikasının çatışmazlığı, hələ tam formada olmadığı hiss olunurdu.

 

Bununla belə yığmanın əvəzedilməzlərindən sayılan 31 yaşlı voleybolçu etibarlı təsir bağışladı. Müəyyən məqamlarda komandanın özünü itirməsinə imkan vermədi. Cəmi 2 dəfə topun qəbulunda səhvə yol verən Məmmədova 62 faizlik göstəriciylə seçildi ki, bunu da yaxşı çıxış adlandırmaq olar.

Valeriya qayıdışından sonrakı ilk rəsmi oyunu haqda bunları dedi: “Sözsüz, mənim üçün hələ çətin gəlir. Bu gün çox əsəbi idim. Yarım il hazırlıqdan sonra ilk rəsmi oyuna çıxmaq asan məsələ deyil. Şükür Allaha, hər şey normal alındı. Düzdü, bugünkü çıxışımdan
çox da razı qalmadım. Çünki hələ tam formamı bərpa etməmişəm. Cəmi 15 gün idi ki, yığmayla birgə hazırlıq keçirdim. Fikrimcə, oyundan oyuna artıracam. Ən əsas odu ki, Slovakiyada qalib gələk. Bu görüşü unudub, cavab qarşılaşması haqda fikirləşməliyik. Komandada nə dəyişib? Qızlar daha təcrübəli olub. İnkişaf göz önündədi. İndi onlarla yanaşı oynamaq daha asan olub. Voleybolçularımız indi daha peşəkardılar. Əlbəttə, Polinanı xüsusi qeyd edə bilərəm. Rəhimova meydançada liderdi. Bunun məsuliyyətini özü də dərk edir. Düzdü, səfərdə onun işi asan olmayacaq. Ancaq hamımız ona xal qazanmağa kömək edəcəyik”. 

Cavab matçından sonra millinin qarşısında daha məsuliyyətli yarış durur. Avropa Oyunlarında medal qazanmaq hədəfi Natalya Məmmədovanın yoxluğunda çətin tapşırıq kimi görünür. Libero narahatlıq üçün əsas
görmür: “Fikrimcə, hazırda Polina Nataşadan heç nədə geri qalmır. Odina Bayramova da həmçinin. Sözsüz, Məmmədovanın yoxluğu komanda üçün böyük itkidi. Ancaq Natalyasız da yaxşı oyun sərgiləyib, nəticə qazanacağımızı düşünürəm”.

"Futbol+"


Digər xəbərlər

Xəbər xətti