Ötən gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turu çərçivəsində “Sumqayıt” - “İnter”in matçını izlədim. Həmin oyundan öncə də məlum idi ki, “bankirlər”in legionerləri meydançaya çıxmayacaq. Çünki “Qarabağ”la oyundan sonra hamısı əşyalarını yığışdırıb baş məşqçi Kaxaber Sxadadze ilə birlikdə öz ölkələrinə getmişdilər. Ağılsız deyillər ki, qalıb pulsuz oynasınlar. Komandada pul sel kimi axanda qəşəng yığdılar, ciblərini doldurdular pul qurtaran kimi də çıxıb getdilər. Halbuki ən azı bir həftə də qalıb “Sumqayıt”a qarşı oynayıb sonra da gedə bilərdilər. Bununla belə, legionerlərlə işim yoxdur. Azğında legioner deyirsən onlar üçün Azərbaycan, “İnter”, azarkeş sevgisi pul olmayandan sonra heç bir önəm daşımır. Bəs yerlilər? Onlar harda idilər?
Hər zaman Azərbaycan futbolçularından danışanda dönə-dönə qeyd etmişəm ki, bizim futbolçuların çoxunda peşəkarlıqla bərabər xarakter, qürur da yoxdur. Bir az əlləri pul görən kimi harınlayırlar. Ona görə də nə qabağa gedə bilirlər, nə də Avropaya çıxırlar. Azərbaycan futbolçusunda xarakterin, insanlığın olmadığı “İnter” – “Sumqayıt” matçında bir daha ortaya çıxdı.
“Sumqayıt” önünə “İnter”in gənc futbolçuları, əvəzediciləri çıxmışdı. Halbuki, əsas heyətin yerliləri də həmin gün “İnter” forması ilə sonuncu dəfə meydançaya çıxmalı idilər. Bununla da legionerlərdən fərqlərinin bu olduğunu sübut etmiş olacaqdılar. Amma etmədilər, etmək üçün özlərində cürət tapmadılar. Əksinə, sübut etdilər ki, legionerlərdən heç bir fərqləri yoxdur. Onsuz da onları heç kim zorla “İnter”də saxlamayacaqdı. Tranfer vərəqələri də verilib, böyük əksəriyyəti də özünə yeni klub tapıb. Görəsən qorxuları nə idi? Birdən lazımsız oyunda zədələnə bilərlər? Ay sizin peşəkarlığınıza çəpiş kəsim.
Elvin Məmmədov “Bakı”da gününü göyə sovurub hamının yadından çıxanda ona “İnter” qucaq açdı, yenidən futbolçu kimi inkişafına təkan verdi. Həmin Elvin bu “İnter” üçün daha bir oyun oynaya bilməzdi?
Yaxud Nizami Hacıyev. “Qəbələ” ilə problem yaşayıb ayrılanda döydüyü ilk “qapı” “İnter” oldu. Amma “Sumqayıt”la oyunda onun da izi-tozu yox idi.
Səlahət Ağayev bilirdi ki, komandanın qapıçısı yoxdur. Elşən Poladov futbolla çoxdan qurtarıb. Amma qapıçı olmadığını görüb bu yaşında məşqsiz filan çərçivəyə keçmişdi. Nəticədə ayağını da zədələdi və sona qədər qapıda axsaya-axsaya durdu. Görəsən Səlahət gəlib bir oyun oynasa idi xəncərinin daşı düşərdi? Yoxsa özünü o qədər ulduz sayır ki, əvəzedicilərlə eyni heyəti bölüşməyə utanır?
Əfran İsmayılov görəsən harda idi? Qışda “Xəzər Lənkəran”dan ayrılandan sonra ortada qalmışdı. Ona da “İnter” qucaq açdı. Bu jestin qarşılığını sona qədər vermək belə çətin idi?
Coşqun Diniyevi futbolçu eliyən “İnter” oldu. Görəsən o, niyə çörək yediyi yerə bu cür dönük çıxdı? Gərək heç kim oynamasda da Coşqun mayın 28-də Sumqayıta gəlib son dəfə "İnter" forması ilə meydançaya çıxardı. Axı o, Şahin Diniyevin oğludur. Coşquna bu günə qədər dəstək olmuşam, bundan sonra da olacam. Ən azı Şahin Diniyevə görə. Çünki Şahin müəllimə insan kimi də məşqçi kimi də çox böyük hörmətim var. Amma Coşqun bunu bilsin ki, etdiyi hərəkətin bəraəti yoxdur.
Nə isə. Deməyə söz tapa bilmirəm. Yalnız onu bilirəm ki, yuxarıda adları çəkilənlərə o zaman sözün əsl mənasında futbolçu deyərdim ki, hər şeyi bir kənara qoyub “Sumqayıt”la son matça da çıxardılar. Çıxıb son dəfə kişi kimi o formanı geyinib sona qədər onun haqqını verərdilər. Bax onda hər kəs onları ayaq üstə alqışlayardı. Çünki pul gəldi gedərdi. Onsuz bu futbolçuların “İnter”dən bu günə qədər aldıqları hələ 5 il də bundan sonra onlara bəs eliyər. Tərslikdən bu futbolçuların çoxu ilə tanışıq, "salam", "sağ ol"umuz var. Amma inciməsinlər onların bu hərəkəti şəxsən mənə də çox pis təsir etdi. 2-3 ay maaşsız oynadınız 1 oyun oynamağa gücünüz çatmadı? 2-3 ay maaş almamaqla kasıb düşdünüz? Tüpürüm o pula ki, insanlığı üstələyir. Bunu da burdan tam əminliklə deyirəm ki, sizin futbolunuz Azərbaycanda başladığı kimi elə Azərbaycanda da bitəcək. Heç biriniz futbolçu olub ölkədən kənara çıxa bilməyəcəksiniz.
Sonda bir vaxtlar “Yuventus”un düşdüyü durum yadıma düşdü. Oyun alqı-satqısında ittiham olunan Turin klubu B Seriyaya göndərilmişdi. Həmin vaxt bütün aparıcı futbolçular komandanı tərk etdi. Ancaq Buffon və Nedved ünvanlarına gələn başgicəllədirici təkliflərə rəğmən “Yuventus”u tərk etmədilər. Həmin vaxt Nedvedin bir sözü hələ də yadımdadır:FUTBOLÇULAR GEDƏR, İNSANLAR QALAR Deyəcəksiniz ki, gör kiminlə kimləri müqayisə edirsən. Yox, müqayisə etmirəm, sadəcə bir anlıq yaddaşım tərpəndi mən də yazdım. rekord.az