FOTO- Avropa oyunlarının məşəli Xızıda

00:29 1 İyun 2015

Mayın 31-də Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.



SportArena.az xəbər verir ki, bu regionda məşəlin ilk qarşılanma mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı şəhərində keçirilib.

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olundu. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan parka gəliblər.

Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.
Xızı birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub.

İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində möhtəşəm Alov festivalı keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti