Azərbaycan futbolunda daha bir klub dağılmaq təhlükəsiylə üzləşib.
SportArena.az xəbər verir ki, AZAL klubu fəaliyyətini dayandıra bilər. "Təyyarəçilər"in himayəçisi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun maliyyə durumu xeyli pisləşib. AZAL-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Əsgərov müflis olma həddindədi. Klubun futbolçulara üç aylıq borcu var. Mövsümün sonunda borcun ödəniləcəyi bildirilsə də, klubun sahibi "pul yoxdu" mesajını göndərib.
Futbolçulara istirahətdən qayıdandan sonra borcların ödəniləcəyiylə bağlı vəd verilib. Mənbənin verdiyi məlumata görə, vəd yerinə yetirilməyəcək. Cahangir Əsgərov ümumiyyətlə, klubdan imtina etmək niyyətindədi. Mənbə bildirdi ki, yaxın bir ay ərzində bütün suallara aydınlıq gələcək. Ola bilsin ki, Əsgərov klubun buraxılması ilə bağlı göstəriş versin.
Mənbə onu da bildirdi ki, vəziyyətin ağır olması barədə klubun rəhbər şəxsləri və baş məşqçi Tərlan Əhmədov məlumatlandırılıb. Əsgərovun maliyyə durumu o qədər pisləşib ki, AZAL-ın şefi klubun Şüvəlanda yerləşən stadionunu da satmaq niyyətindədi. Təbii ki, alan olsa...komanda.az