İsveç yığmasının və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç Azərbaycana gəlib.
SportArena.az xəbər verir ki, 33 yaşlı məhşur 1 həftəyə yaxın ölkəmizdə qonaq olacaq. O, paytaxtımıza Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə təşrif buyurub.
Ulduz futbolçunun ölkəmizdə olduğu müddət ərzində ova çıxacağı isə heç kimdə şübhə doğurmur. Nəzərə alaq ki, Zlatanın da ova marağı olduqca böyükdü.
Son Fransa çempionunun ov məqsədi ilə Azərbaycanın hansı bölgələrinə gedəcəyi də artıq bizə məlum olub. Etibralı mənbədən əldə etdiyimiz məlumata görə, İbrahimoviç axşam saatlarında Şamaxıya yollanacaq. İsveçli ulduzun daha sonra Qəbələni ziyarət etməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin dekabrında İbrahimoviç İsveçdə 500 kq ağırlığında olan vəhşi maralı ovladığına görə qınaq obyektinə tuş gəlmişdi. İndi isə o, hobbisi ilə Azərbaycanda məşğul olacaq. Ümid edirik onun gülləsi nəsli kəsilməkdə olan heyvanlardan yan keçəcək.
İbra ölkəmizə ova gələn ilk məşhur deyil. Bundan öncə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun övladlarından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid də Qəbələdə ovla məşğul olmuş, çəkilləri mətbuatı bəzəmişdi.
Zlatanın ölkəmizə sadəcə, gəzməyə gəlməsi barədə də açıqlama var. Onu bura dəvət edən dostu, sabiq qaydasız döyüşçü Faiq Babanlı bunları deyib: "Biz Zlatanı Azərbaycanı göstərmək üçün dəvət etdik. Bakı və regionları gəzdirəcəyik. Bir işi çıxmasa, burda 3-4 gün qalması gözlənilir. Onun gəlişinin Avropa Oyunlarına aidiyyatı yoxdu, heç bir reklamda da çəkilməyəcək. Dostum Asif İlyasov da mənim kimi ovçudu və biz ona ölkəni göstərmək istədik. Ancaq Zlatan ov həvəskarı deyil. Daha çox ekstremal idman növlərinin azarkeşidi. Belə baxanda Azərbaycanda ov üçün o qədər də imkan yoxdu. Bizdə şir-pələng də yoxdu".futbolinfo.az