"Kəpəz" "Dalğa Arena"dan imtina etdi- Diniyev

10:55 2 İyun 2015

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasında ilk ev oyununu Yevlax şəhər stadionunda keçirəcək. Bu barədə klubun baş məşqçisi Şahin Diniyev qonaq olduğu "Qol" verilişində xəbər verib.

Təcrübəli mütəxəssis bildirib ki, sırf azarkeş amili nəzərə alaraq ilk oyunu Bakıda yox, əyalətdə keçirmək qərarına gəliblər: "Gəncə şəhər stadionunda 3500 nəfərlik tutumu olan süni örtüklü stadion tikilir. Ehtiyat meydança 3 ay ərzində hazır olacaq. Sonra əsas meydançada təmir işləri gedəcək. Həmin ərəfədə baza təhvil veriləcək. Ən pis halda ilk oyunumuz Yevlaxda olacaq. Çünki azarkeş amilini nəzərə almaq lazımdır. Gəncədə ağıllı azarkeşlərin sayı həmişə çox olub. Gəncəli azarkeşlər "Kəpəz"in yenidən Premyer Liqaya qayıdışına çox sevinirlər. Ona görə də çalışacağıq ki, ilk görüşümüz Bakı çempionatı kimi olmasın. Ən pis halda Yevlaxda, stadionumuz hazır olsa, Gəncədə oynayacağıq".

Qeyd edək ki, "Kəpəz" klubundan daha öncə Gəncə şəhər stadionu hazır olmayacağı halda, Bakıdakı "Dalğa Arena"da rəqiblərini qəbul edəcəyi bildirilirdi.


Digər xəbərlər

Xəbər xətti