FOTO- Nüfuzlu “The Japan Times” Bakıda keçiriləcək ilk Avropa Oyunlarından yazır

13:55 2 İyun 2015

Yaponiyanın yerli və əcnəbi elitası arasında populyarlığı ilə seçilən nüfuzlu “The Japan Times” qəzetində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məqaləsi dərc olunub.

“Bakı-2015”: Avropa Oyunlarının keçiriləcəyi şəhər” adlı məqalədə bildirilir ki, cari ilin iyununda Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək. Avropa Oyunları böyük idman bayramı olmaqla yanaşı, Azərbaycan paytaxtının inkişafına da mühüm təsir göstərəcək. Bu oyunlar dinamik inkişaf edən qonaqpərvər Azərbaycanı, eyni zamanda bir işgüzar mərkəz kimi tanıdacaq.

Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdiyini xatırladan nazir vurğulayır ki, bu, ölkəmizin sosial, mədəni və iqtisadi inkişafını bütün dünyaya göstərmək üçün bir imkan olmaqla yanaşı, xalqımızın yüksək bacarığını nümayiş etdirmək baxımından da əhəmiyyətlidir.

Yarışların keçirilməsi üçün Bakıda çoxsaylı yeni idman obyektlərinin tikildiyini və əvvəlkilərin bərpa olunduğunu bildirən A.Rəhimov qeyd edir ki, qitənin ilk ən böyük idman bayramının açılış mərasimi yeni Olimpiya Stadionunda keçiriləcək. İyunun 12-dən başlayaraq, 17 gün davam edəcək yarışlarda 6 mindən çox idmançı iştirak edəcək. İyunun 28-də təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Diqqətə çatdırılır ki, yarışlar 18 idman obyektində keçiriləcək. Onların sırasında 65 min yerlik Olimpiya Stadionu ilə yanaşı, Milli Gimnastika Arenası, Su İdman Sarayı, Atıcılıq Mərkəzi və digər böyük idman obyektləri var. Bakıya gələn qonaqlar bu idman obyektləri ilə yanaşı, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri kimi nadir memarlıq nümunələrindən də zövq ala biləcəklər. Yarışlara qatılacaq idman mütəxəssislərinin, jurnalistlərin və tamaşaçıların rahatlığı üçün Azərbaycan paytaxtında hər cür şərait yaradılacaq.

Məqalədə Azərbaycanın idman yarışlarına həmişə böyük maraq göstərdiyi, gələn il Formula-1 yarışlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının, “Avro-2020” futbol yarışlarının dörd görüşünün Bakıda təşkil ediləcəyi qeyd olunur.

Bakının möhtəşəm Oyunları yüksək səviyyədə qarşılamağa və keçirməyə hazır olduğunu vurğulayan nazir bu yarışların dünyanın 57 ölkəsinə, o cümlədən Yaponiyaya translyasiya ediləcəyini bildirir.

Yarışların mühüm əhəmiyyətini vurğulayan A.Rəhimov onun yalnız davam edəcəyi iki həftə ərzində deyil, Bakıda nümayiş olunacaq idman təntənəsi, sülh və dostluq kimi ülvi duyğuları ilə insanların yaddaşında həmişəlik qalacağına əminliyini ifadə edir.


Digər xəbərlər

Xəbər xətti