“Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə tam hazırdı, Təşkilat Komitəsi də bununla bağlı birmənalı bəyanat verib”. APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov söyləyib.
Ə. Əhmədovun sözlərinə görə, əsas odur ki, ilk Avropa Oyunlarını Azərbaycan qəbul edir və bu, artıq tarixdir:
“Avropanın idman tarixində önəmli hadisənin başlanğıcı Azərbaycanda qoyulur. Avropa Oyunlarının Azərbaycanda elə yüksək standartı müəyyənləşdiriləcək ki, bundan sonra Avropa Oyunlarının keçiriləcəyi digər ölkələr bu standartlara əməl olunmasına diqqət yetirəcək.
Azərbaycanın hər bir vətəndaşı bununla qürur duyur. Bu, bir daha onu göstərir ki, Azərbaycan artıq müasir dünyaya yaxından inteqrasiya edib, yüksək inkişaf səviyyəsinə çatıb, dünya səviyyəli idman oyunları, mədəniyyət tədbirlərini keçirməyə hazırdır. İdman oyunlarının keçirilməsi Azərbaycanı həm dünyada təbliğ etmək imkanı yaradacaq, həm ölkənin imicini daha da yüksəldəcək.
Azərbaycanda yarışlarda iştirak etmək üçün çoxlu sayda idmançı, Avropa ölkələrinin vətəndaşı gələcək. Onlar Azərbaycanda sabitliyi , əmin-amanlığı, dincliyi, insanlar üçün yaradılmış şəraiti görəcəklər. Azərbaycan Avropa Oyunları vasitəsi ilə bir daha özünü dünyaya təqdim edə biləcək”.