Elə saytımıza final matçı ilə bağlı danışan mütəxəssislər də bu fikirdədi. Ağasəlim Mircavadov, Məşqçilər Komitəsinin üzvü: “Kubok matçı çempionat oyunundan fərqlənir. Favoriti asanlıqla kimin olduğunu demək olmur. Hazırda heyətə, oyuna görə “Qarabağ” güclüdü. Ancaq indidən necə olacağı bəlli deyil. Hər iki komanda kubokda uğurlu çıxış edir. Hər iki klub ölkəmizi avrokuboklarda təmsil edəcək. “Qarabağ” “qızıl dubl” etmək şansını əldən vermək istəməyəcək. “Neftçi”də isə heyətlə bağlı bir qədər dəyişikliklər oldu. Buna baxmayaraq, final matçına başqa cür hazırlaşdıqlarına şübhəm yoxdu. Fikrimcə, maraqlı oyun olacaq”.
Kamal Quliyev, “Neftçala”nın baş məşqçisi: “Düzü, kuboku qazanmağa yaxın olan komanda “Qarabağ”dı. Son vaxtlar “Neftçi”nin sərgilədiyi oyunlar bizə bakılıların üstün olduğunu deməyə əsas vermir.Yenə də bunun futbol oyunu olduğunu nəzərə almaq lazımdı. Futbolda 1 oyuna da köklənmək olur. Özüm də istərdim ki, “Neftçi” kuboku qazansın və mövsümü titulsuz başa vurmasın. Futbol sürprizlərlə doludu. “Ağ-qaralar”ın ardıcıl uğursuz çıxışının bir sonu olmalıdı. Futbolçuların veriləcək əlavə stimul onların işinə yaraya bilər”.
Əsgər Abdullayev, işsiz mütəxəssis: “Finalda fovarit kimi “Qarabağ”ı görürəm. Çünki cari mövsümdə stabil oyun nümayiş etdirdi. Amma bu o demək deyil ki, Ağdam klubu qalib gələcək. Belə oyunlarda “Neftçi” böyük təcrübəyə malikdi. Fikrimcə, maraqlı oyuna şahidlik edəcəyik. Hər iki komanda üçün çətin olacaq. Kim güclüdüsə, o da qalib gəlsin”.
Elxan Abdullayev, əsas millinin məşqçisi: “Finalda hər komandanın qalib gəlmək şansı olur. Mən şansları 50-50-ə dəyərləndirərəm. İstənilən nəticə qeydə alına bilər. Düşünmürəm ki, “Neftçi”də olan problemlər final matçına da yansısın. Çünki final bir oyundan ibarətdi. Bu oyuna da yaxşı hazırlaşıb, nəticə qazanmaq olar. Finalda favorit olmur ki. Finala qədər irəliləyən komandalar güclü olur. Gəlin tələsməyək. Bu qarşılaşmanın nəticəsini sabah biləcəyik. İndidən praqnoz vermək istəmirəm”.