Hələ ötən ilin əvvəlində klublara əcnəbi idman direktorlarının gətirilməsi ilə bağlı müzakirələr gedəndə, demişdik ki, bu layihənin dəqiq iş mexanizmi hazırlanmasa, effekt olmayacaq. Ancaq AFFA-nın hörmətli baş katibi Elxan Məmmədov ideya müəllifi olduğu layihənin dəqiqliyinə şübhə etmirdi. Çörçil demişkən, hər kəsə elə gəlir ki, futbolu digərlərindən daha yaxşı bilir. Ona görə də, Elxan bəyin özünü bu işdə as bilməsində qəbahətli heç nə yoxdur. Amma əlahəzrət fakt Məmmədovun xeyirinə deyil.
Ötən il start götürən “Akademiya” layihəsinin illik büdcəsi 3,5 milyon manat nəzərdə tutulmuşdu. Layihə çərçivəsində klublara əcnəbi idman direktorları təyin olunmalı, klublarda uşaq futbolunun inkişafına da maliyyə ayrılmalı idi. Əslində, bu layihə ideya olaraq pis deyildi. Ancaq iş mexanizmi dəqiq hesablanmayan istənilən layihə kağız üzərində qalır. Bu dəfə də belə oldu. Premyer Liqa klubları ilə daha sıx əməkdaşlığa başlamağa qərar verən Elxan Məmmədov düzgün təhlil apara bilmədi. Dünya görüşü, uşaq futboluna baxışı, intellektual səviyyəsi fərqli olan klub rəhbərlərinin hamısı ilə eyni dildə danışmaq, eyni şərtlərlə işləmək istəyi yanlış idi. Aydın idi ki, Elxan Məmmədovun adamlarını klubda rahatlıqla qəbul etməyəcəklər, onlara iş üçün imkanlar yaradılmayacaq. Əcnəbi idman direktorların bütün klublara göndəriləcəyi deyilsə də, qısa vaxtdan sonra aydın oldu ki, “Qəbələ”, “Xəzər Lənkəran”, “Simurq” və “Araz Naxçıvan” klublarına idman direktorları göndərilməyəcək. Ki, artıq bu məqam layihənin natamam hazırlandığına işarə idi. Digərlərinə gəlincə, “İnter” və “Rəvan”-da Elxan Məmmədovun göndərdiyi adamları qovdular. AZAL və “Neftçi”dəki əcnəbilər də artıq bu klublardan ayrılmaq üzrədilər. Hadisələrin gedişi layihənin nə qədər uğursuz həyata keçirildiyini göstərir. Belə işlərdə yalnız pul xərcləmək yetərli deyil. Xərclədiyin pulun qarşılığını almaq gərəkir ki, bu qədər pulun qarşılığında əldə olunan effekt faizi olduqca aşağıdır. İqtisadiyyat prinsipləri ilə desək, layihəni batırıblar.
Əldə etdiyimiz məlumata görə, “Akademiya” layihəsi çərçivəsində nəzərdə tutulan maliyyə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində də ortaya problemlər çıxıb. Belə ki, klublara uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan məbləğ ödənilməyib. Bəzilərinə az bir miqdar, digərlərinə isə ümumiyyətlə heç nə verilməyib.
Elxan Məmmədov bu uğursuzluğu boynuna alarmı? Çətin… Bu, nə birinci, nə də sonuncu belə layihədir. Berlində olmayan məktəbə illərlə böyük miqdarda pul ayıran, “Futbol dünyası” kimi sıradan bir nəşrə fantastik büdcə ayıran insanlar üçün mənəvi baryer yoxdur, ola da bilməz. Onlar üçün həqiqətin gözünə baxaraq yalan danışmaq adidən də adi haldır. Davam edin, görək, sonu hara gedəcək…
Emin ABBASOV