Kişilərin döyüş növləri ilə niyə məşğul olduqları ümumiyyətlə aydındır – birinci növbədə özünü və yaxınlarını müdafiə edə bilmək, güclü, dözümlü, özünə əmin olmaq üçün. Və əlbəttə ki, yarış ruhu...rəqabət və yarışmaq kişilərin qanındadır.
Bəs qadınlar? Qadınları nə cəlb edir görəsən döyüş növlərinə, xüsusilə də Aykidoya? Sual əlbəttə çox maraqlıdır, nəzərə alsaq ki ümumiyyətlə dünyada akyido ilə məşğul olanların təxminən 25% - i qadındır!
Beləliklə, niyə Aykido və niyə qadınlar üçün?
Aykidoda kobud fiziki gücun istifadəsinə üstünlük verilmir. Aykidoda sərbəstlik, düzgün tənəffüs, düzgün hərəkət traektoriyası, rəqibin hərəkəti ilə uzlaşan və onu tamamlayan hərəkət, daxili və xarici sakitlik və s. prinsiplər tətbiq olunur və bütün bunlar texnikaların düzgün yerinə yetirilməsinə və ustalığın artmasına gətirib çıxarır. Ona görə də belə şəraitdə qadınlar özlərini çox rahat hiss edirlər və fəndləri kişilərdən dala qalmayaraq yerinə yetirə bilirlər.
Aykido istənilən halda bir döyüş sənətidir. Yəni siz elə yıxılmağı öyrənirsiniz ki, zədə almayasınız, elə hərəkət edirsiniz ki, rəqibin hərəkətlərinə reaksiya verə biləsiniz, qarşıdurmadan qaça biləsiniz. Daha peşəkar səviyyədə isə qarşıdurmadan qaçmaq və ya hücum edəni neytrallaşdırmaq üçün gələcək təhlükəni daha əvvəldən hiss etmək... Əgər hər hansı bir gözlənilməz hadisə baş versə, qadın üçün əsas məqsəd qarşıdurmada qalib olmaq deyil, əsas odur ki, hücum edənin həmləsini “ötürə” biləsən, səni tutanda azad ola biləsən, zərbədən yayına biləsən, hücum edəni ağrıdoğurucu və güc tələb etməyən texnika ilə tutub saxlaya biləsən... Qısaca desək, aqressiyaya qarşı zamanında və doğru reaksiya vermək lazımdır, bu məsələdə isə Aykido məşqləri əvəzolunmazdır.
Aykidonun sağlamlıq və gözəllik aspekti. Hərəkətlərin, texnikaların məşq edilməsi, sığortalayıcı yıxılmalar, müxtəlif fırlanmalar və s. fiziki bədən formasını çox gözəl məşq etdirir. Artıq çəki gedir, daxili orqanlar sağlamlaşır, maddələr mübadiləsi tənzimlənir, qamət düzəlir, qarın yığılır, bədən dartılır. Xüsusilə qeyd etmək lazımdır ki, məşqlər nəticəsində düzgün qamət, düz çiyinlər və baş formalaşır, yeriş və hərəkətlər daha harmonik və zərif, amma daha qətiyyətli və dəqiq olur. Aykido ilə uzun müddət məşğul olarkən digər idman növlərində olduğu kimi bədən kobudlaşmır və “kişiləşmir”, əksinə qadın bədəninin formalaşması prosesi gedir.
Aykidoda əsas prinsiplərdən biri sakitlik və dinclikdir. Təbiəti etibarilə qadınlar bir qayda olaraq kişilərdən daha emosional, daha impulsivdirlər və bu xüsusiyyətlər digər insanlarla qarşılıqlı münasibətlərdə adətən onlara mane olur... Buradan da dava – dalaşlar, umu – küsülər, intriqalar və s. ortaya çıxır. Emosional disbalans vəziyyətində praktiki olaraq düşdüyün vəziyyəti obyektiv və dəqiq dəyərləndirmək və deməli düzgün qərar qəbul etmək mümkün deyil. Məhz bu səbəbdən də sırf qadınlar üçün ruhən sakitləşməyi və rahat olmağı, bununla belə enerji dolu qalmağı, psixoloji planda isə öz xeyirxahlığını ifadə edə bilməyi öyrənmək çox vacibdir. Beləliklə, Aykido ilə məşğul olarkən bir çox gündəlik problemlərdən və stressdən qaçmaq və münaqişələri minimallaşdırmaq mümkün olur. Razılaşın ki, bu həm evdə, ər – arvad və ailə üzvləri ilə münasibətlərdə, həm iş yerində rəis – işçi münasibətlərində, həm də küçədə kimsə təsadüfən ayağınızı tapdalayanda sizin üçün çox vacib ola bilər.
Aykidoda bir döyüş növü kimi təkbətək döyüşlər və yarışlar yoxdur. Deməli texnikanı işləyən (tori) və hücum edən (uke) bir – birinə rəqib deyil, daha çox partnyordurlar! Yəni aqressiya münasibətlərdən tamamilə kənarlaşdırılır, sadəcə olaraq ona ehtiyac qalmır... Axı biz kiməsə qalib gəlib I yeri tutmaq, ya da çempion olmaq istəmirik ki?! Partnyorlar isə texnikaları işlədikdə bir – birini sığortalayır və kömək edirlər. Qadınlar üçün bu xüsusilə önəmlidir.
Aykidoda qəfil, ağır zərbələr və bloklar yoxdur, ona görə də göy ləkələr və daha ciddi zədələr alma riski çox azdır. Hər bir döyüş növündə olduğu kimi, Aykidoda da travmalar olur, bu qaçılmazdır, lakin məşq və texniki fəndlərin yerinə yetirilməsi zamanı zərbənin gücünə və ya rəqibi məğlub etməyə üstünlük verilmədiyinə görə hər zaman çalışılır ki, hər iki partnyor təhlükəsizlikdə olsunlar. Həm də bilmək lazımdır ki, Aykidoda hərəkətlər qarşıdurma deyil, bir – birini tamamlamadır, harmoniyadır. Bu isə qadınların ifasında çox gözəl alınır...
Son olaraq qeyd etmək lazımdır ki, hər bir insanın ruhi və fiziki vəziyyəti bir – birilə əlaqəlidir. Fiziki cəhətdən gərgin qalaraq ruhən rahat və sakit olmaq olmaz, ya da əksinə, aqressiv və hər şeydən çıkinən, özünə inamsız bir insan olaraq harmonik hərəkətlər edə bilməzsən... Məhz buna görə də bədənin müəyyən prinsiplər əsasında “tərbiyə “olunması sizin ruhi və psixoloji sağlamlığınıza da müsbət təsir edir və sizi özünə əmin, ruhən və cismən güclü, pozitiv bir qadına çevirir.
Hər bir qadına bu prinsiplər vacibdir: rahatlıq, sakitlik, sağlamlıq, enerjili olmaq, gülərüz olmaq, özünə inamlı olmaq, zəriflik, gözəl qamət, gözəl ritmik yeriş, incə hərəkətlər.... və nəhayət etik və estetik ünsiyyət... Bax bütün bunlar bizim hər gün Sumqayıt və Xırdalan şəhərlərində (AAAF yaşayış kompleksində) yerləşən “ZİRVƏ” Beynəlxalq İdman Klublarında fəaliyyət göstərən Aykido məşğələlərimizdə üzərində çalışdığımız prinsiplərdir.
Müəllif: Elnur Kərimov
Aykido üzrə I dan qara kəmər ustası
Azərbaycan Aykido Federasiyasının
Sumqayıt Regional bölməsinin rəhbəri və baş instruktoru