"Bakı-2015": "Avropa Oyunları hər kəs üçün böyük bayram olacaq"

14:10 4 İyun 2015

Rusiya Olimpiya Komitəsi I Avropa Oyunlarında iştirak edəcək idmançılar üçün təntənəli yolasalma mərasimi keçirib.

 

SportArena.az xəbər verir ki, mərasim Moskva vilayətinin "Ozero Kruqloe" adlı kəndində yerləşən Olimpiya bazasında baş tutub. Mərasimdə Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, Rusiya prezidentinin köməkçisi İqor Levitin, Rusiya idman nazirinin müavini Yuri Naqornıx, Avropa Oyunlarında iştirak edəcək 61 idmançı və 36 məşqçi iştirak ediblər.
 
Mərasimdə çıxış edən ROK prezidenti Aleksandr Jukov Rusiya yığmasının Bakıda keçiriləcək I Avropa oyunlarında qeyri-rəsmi hesabda birinci yer uğrunda rəqabət aparacağını söyləyib: "Rusiya yığması Avropa oyunlarında ən güclü komandalardan biridir. Bu komanda üçün bütün şərait yaradılıb. Əminəm ki, bizim komanda qeyri-rəsmi hesabda birinci yer uğrunda mübarizə apara biləcək. Çünki Bakıya bütün idman növləri üzrə ən güclü idmançılar gedir. Qeyd edim ki, Bakıda bir sıra idman növlərində olimpiya lisenziyası uğrunda oyunlar da keçiriləcək. Əminəm ki, komandanı təntənəli şəkildə yolasalma mərasimini keçirmək ənənəsi də yığmanın döyüş ruhuna mühüm start verəcək".
 
Aleksandr Jukov tarixdə ilk Avropa oyunlarında iştirak etməyin onlar üçün böyük şərəf olduğunu vurğulayıb: "Belə oyunlar Asiya, Afrika və Amerikada keçirilirdi. Avropada isə yox idi. Çoxları hələ bunun nə olduğunu soruşurlar. Lakin tezliklə, Bakıda Avropa oyunları keçiriləndən sonra bu suallar bir daha verilməyəcək. Avropa oyunları Avropa yarışlarının ən başlıcası olacaq. Bakı yarışlara çox ciddi hazırlaşıb. I Avropa Oyunları hər kəs üçün böyük bayram olacaq. Mən öz adımdan sizə Avropa oyunlarında uğurlu çıxış və Avropanın idman tarixinə öz adınızı yazmağı arzu edirəm".
 
Rusiya prezidentinin köməkçisi İqor Levitin isə çıxışında Azərbaycanda Avropa oyunlarına hazırlıqlarla bağlı görülən işlərlə tanış olduğunu söyləyib: "Demək istəyirəm ki, bu ölkədə 2 il yarım ərzində oyunlar üçün bütün infrastruktur qurulub. Nəqliyyat, logistika yüksək səviyyədədir. İdmançıların yaşayacaqları məkan isə bu cür yarışların keçirildiyi şəhərciklərin ən yaxşısıdır. Bakıdakı idman şəhərciyini ancaq Soçi ilə müqayisə etmək olar".
 
İqor Levitin Olimpiyaçılara Dəstək Fondu tərəfindən Bakıya 50 nəfər olimpiya və dünya çempionları olan veteran idmançıların göndəriləcəyini də söyləyib: "Həmin veteran idmançılar sizə azarkeşlik edəcəklər. Biz sizin hamınızı Bakıda Olimpiya kəndində qurulan "Rus Evi"ndə gözləyəcəyik."
 
Mərasimdə çıxış edən Rusiya idman nazirinin müavini Yuri Naqornıx Bakıda keçiriləcək Avropa oyunlarının tarixi əhəmiyyət daşıdığını bildirib: "Bu oyunlarda iştirak edəcək idmançıların üzərinə də tarixi məsuliyyət düşür. Bu oyunlarda qələbə qazanan idmançılar daha sonra olimpiya oyunlarında iştirak edəcəklər. Sizin içinizdə artıq olimpiya mükafatını qazanmış idmançılar var. Ümid edirik ki, Bakıdakı Avropa oyunlarında da qələbələr qazanacağıq".
 
Mərasimin sonunda Aleksandr Jukov Rusiyanın olimpiya bayrağını olimpiya çempionu Aliya Mustafinaya təqdim edib və xatirə şəkli çəkdirilib.
 
Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Rusiya komandasının tərkibinə 360 idmançı daxildir. İdmançılardan əlavə Rusiyadan oyunları izləmək üçün 700 nəfərdən ibarət böyük nümayəndə heyəti Azərbaycana gələcək. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putin başçılıq edəcək.


Digər xəbərlər

Xəbər xətti