Dünən günün əsas xəbər bombası futbol sahəsində partladı. FİFA-nın prezidenti Yozef Blatter gözlənilmədən postundan istefa verdiyini açıqladı. Hələ bir-iki gün əvvəl seçkilərdə qalib gəlmişdi “qoca qurd”. Onun bu addımı bütün dünya mətbuatında müzakirə olunur. Futbola yaxın hər kəs bu qərara münasibət bildirir.
SportArena.az xəbər verir ki, Braziliya futbolunun canlı əfsanəsi Romario da Blatterin müəmmalı istefasına biganə qalmayıb. Məsələ burasındadır ki, sabiq futbolçu ali futbol qurumunun apardığı siyasəti sərt tənqid edənlərdən biri olub və bu qərarı sevinclə qarşılayıb:
“Uzun müddətdən sonra bu, eşitdiyim ən gözəl xəbərdir. Blatterin istefası dünya futbolunda yeni dönəmin başlanması deməkdir. Bütün dünyada korrupsiyaya bulaşan məmurlar da “yıxılmaq” təhlükəsini daha yaxından hiss edirlər. Ümid edirəm ki, bu dalğa futbola hopmuş rüşvətxorluq ləkəsini də özüylə silib aparacaq. Son 10 ildə FİFA, demək olar ki, pul maşınına çevrilmişdi”.