YAZI Heydər Əliyevin "Qarabağ"la bağlı Gözəl planı

08:54 5 İyun 2015

Sona çatan mövsüm “Qarabağ” üçün olduqca uğurlu oldu. Çempionluğu və ölkə kubokunu qazanan “Qarabağ” Avropaya da səs saldı. Avroliqanın qrup mərhələsində sərgilədiyi oyunla adından söz etdirən Ağdam klubu yalnız ədalətsiz hakim qərarı üzündən “play-off” mərhələsindən uzaq qaldı. “Qarabağ”ın vəsiqəsini “Dnepr”ə verdilər. Ki, o da finala qədər irəlilədi...

 

Təəssüf ki, nə “Qarabağ” üçün ədalət gördük, nə də Qarabağ üçün görürük. Dövlət başçımız cənab İlham Əliyev hər çıxışında Qarabağla bağlı məsələdə beynəlxalq qurumların ikili standartlar yürütdüyünü vurğulayır. Bəli, mövzu Qarabağa çatanda, qərbin ağız dolusu danışdığı demokratiya da arxa plana keçir, ədalət prinsipləri də yada düşmür. Ancaq cənab prezident bu məsələdə həmişə sərt mövqe nümayiş etdirir və heç bir halda heç kimə güzəştə getmək fikrində olmadığını göstərir. Çünki Qarabağ bizim üçün bir dəyərdi, vaz keçə bilməyəcəyimiz dəyər. Bu dəyərin bir parçası da “Qarabağ”dır.

 

Avroliqada “play-off”a çıxa bilmədiyimizə görə hər nə qədər üzülsək də, “Qarabağ”a qarşı olan haqsızlığı hamı gördü. Hamı “Qarabağ”ı da tanıdı, elə Qarabağı da. Başqa cürə desək, Qarabağı “Qarabağ”la da tanıdırıq. Bu gün futbol sahəsində gerçəkləşən Qarabağ təbliğatı təsadüf yox, illər əvvəl düşünülmüş bir gedişin bəhrəsidir. 10 il, 20 il sonranı görmək, analiz etmək bacarığına malik Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Abdulbari Gözəli yanına çağırıb “Qarabağ”ı ona tapşırmışdı. Ulu öndər bilirdi ki, zamanı çatanda “Qarabağ” Qarabağ üçün də gərəkli olacaq. Həmin hadisədən 15 ilə yaxın vaxt keçir və Heydər Əliyevin “Qarabağ”la bağlı gedişləri özünü doğrultmaqdadır.

 

Bu gün “Qarabağ”ın bazasında keçirilən çempionluq tədbirində də, klub prezidenti Abdulbari Gözəl Heydər Əliyevin onunla görüşünü, ona verdiyi tapşırığı xatırlayıb:

 

“Rəhmətlik Heydər Əliyev mənə demişdi ki, al bu klubu apar irəli. Onun davamçısı İlham Əliyev də həmişə bizi dəstəklədi. Heydər Əliyevin mənə verdiyi bayrağı və cənab prezidentin dəstəyini dünyaya daşıdıq. “Qarabağ” heç vaxt qürurlanmaz. Qürurlanmaq Allaha məxsusdu. Bizim üçün bu bayrağı daşımaq şərəfdi. “Qarabağ”ın qələbəsi Azərbaycan üçün də çox önəmlidi”

 

Son vaxtlar Azərbaycan futbolunda bəzi klub rəhbərləri maliyyəni azaldıb iddiasından geri çəkilsə də, “Qarabağ” tutduğu yoldan dönmür. Gözəl ailəsi nəinki maliyyəni azaldır, hətta ildən-ilə kluba ayırdığı vəsaiti artıra-artıra gedir. Təkcə Suraxanıda inşa olunan bazanı görəndə, “Qarabağ”ın Abdulbari Gözəlin gözündə harada olduğunu görmək çətin deyil. Gözəl bəy qürurlanmasa da, razı görünür. İllər əvvəl Heydər Əliyevin verdiyi tapşırığı layiqli şəkildə gerçəkləşdirdiyi üçün razıdır. Axı, bu “Qarabağ” Heydər Əliyevin layihəsidir, təməli 15 il əvvəl qoyulan layihə!   

Emin ABBASOV


Digər xəbərlər

Xəbər xətti