Gələn mövsüm çempionluq uğrunda mübarizə aparmağı hədəfləyən “Xəzər Lənkəran” bu yöndə fəaliyyətini davam etdirir. SportArena.az xəbər verir ki, “ağ-yaşıllar”ın ilkin transfer siyahısı da hazırdı.
Baş məşqçi postuna Yunis Hüseynovu gətirən cənub təmsilçisi artıq iki transferi rəsmiləşdirmək üzrədi. Belə ki, “Simurq”dan ayrılan hücumçu Rəşad Eyyubov, həmçinin braziliyalı yarımmüdafiəçi Dieqo Souza böyük ehtimalla gələn mövsümü “Xəzər Lənkəran”da keçirəcək. Həm Eyyubov, həm də Souzanın klubla danışığı müsbət nəticələnib və onlarla bir illik müqavilə imzalanacaq.
Dieqo Souza bununla ikinci dəfə “Xəzər Lənkəran” formasını geyinmiş olacaq. Çünki 27 yaşlı oyunçu 2008-2011-ci illərdə də bu komandada çıxış edib. Son komandası Braziliya klubu “Quarani” olan Souza ilə birlikdə daha 3 braziliyalının gəlişi gözlənilir.
Bununla kifayətlənmək istəməyən cənublular xüsusən “daxili bazar”da fəallığı artırıb. Hədəfdəki növbəti oyunçular Vüqar Bəybalayev və Draqan Çerandı. Yunis Hüseynov “Bakı”nın gənc müdafiəçisini komandasında görməkdə israrlıdı. “Simurq”dan ayrılan və hazırda azad agent statusu daşıyan serbiyalı hücumçu Çeranla da danışıqlar davam edir.
“Xəzər Lənkəran”ın qapı xətti üçün düşündüyü Səlahət Ağayevin keçidi isə deyəsən baş tutmayacaq. Çünki klubun təklifi ilə “İnter”dən ayrılan qapıçının tələbləri üst-üstə düşmür. Belə ki, Ağayev ilinə 350 min dollar maaş müqabilində “ağ-yaşıl” formanı geyinə biləcəyini bildirib. Lakin rəhbərlik buna razı olmayıb ki, bu da başadüşüləndi. Axı Yunis Hüseynovun əlində Vyekoslav Tomiç kimi yüksək səviyyəli qapıçı var. Səlahəti 350 min dollara gətirməkdənsə, ondan heç də zəif olmayan və daha az maaşa oynayan Tomiçi saxlamaq daha məqsədəuyğun olar.apasport