YAZI Bravo, PFL!

14:53 5 İyun 2015

Ölkə kubokunun Qəbələdə keçirilən “Qarabağ” – “Neftçi” matçını izləmək üçün Qəbələyə yollanan jurnalistlər arasında da mən də var idim. Əminliklə deyərdim ki, bu səfər jurnalistlik fəaliyyətim dövründə etdiyim ən yaxşı səfərlər sırasına yazıldı. Hər mənada yaddaqalan oldu. Həmkarlarımla Qəbələ gəzintisi, keçirdiyimiz futbol matçı sadəcə, super alındı. Təbii ki, bütün bunlar üçün bu səfəri təşkil edən PFL-ə, bu qurumun prezidenti Ramin Musayevə təşəkkür etmək lazımdır. Hər zaman olduğu kimi bu dəfə də jurnalistləri diqqətdə saxladıqları üçün. Atasını Bakıda reanimasiyada qoyub Qəbələyə gələn, jurnalistlərin durumu ilə şəxsən maraqlanan Aslan Şahgəldiyevin, maraqlı futbol matçı təşkil edən Elgiz Abbasovun, eləcə də gün ərzində jurnalistlərin yanından ayrılmayan, onların üzləşdiyi hər xırda problemin həllinə yardımçı olan iki PFL əməkdaşlarının da “sağ ol” haqqını verməliyik.

 

Oyun haqqında danışmayacam. Çünki matçı izləyənlər də “Qarabağ”ın rəqibindən aşkar üstün olduğunu və layiqli qələbə qazandığını gördü. Təsadüfi deyil ki, Qurban Qurbanovun komandası ilk yarıda matçın taleyini həll etdi. 90 dəqiqə boyu oyuna diqtə edən Ağdam klubu yekunda qalib gələrək kuboka da sahib çıxdı. Bir sözlə, maraqlı oyundan, gərgin mübarizədən söhbət belə gedə bilməzdi. Şəxsən mən özüm ilk hissədən sonra otelə qayıtmağı düşünürdüm.

 

Təşkilatçılığa gəlincə... Bax, bu haqda saatlarca danışmaq olar. Həqiqətən də super təşkilatçılıq idi. Məhz bu cür möhtəşəm təşkilatçılığa görə də PFL-ə ayrıca “sağ ol” düşür. A-dan Z-ə hər şey mükəmməl tərtib olunmuşdu. Bir gün öncə 1996-cı ildəki heyətləri yenidən bir araya gətirmək, oyun günü təqdim olunan mükəmməl film, kubokun təyyarədən tullanan paraşütçünün vasitəsi ilə stadiona gətirilməsi, oyundan sonra təşkil olunan kubok və medalların təqdimatı, gözəl atəşfəşanlıq bir sözlə, hər şey əla idi. PFL prezidenti Ramin Musayev və onun komandası bir daha sübut etdi ki, hər nə qədər tənqid olunsalar da, ölkə futbolunda ən çox zəhmət çəkən, ən çox iş görən qurumdular. Musayev və komandası eyni zamanda AFFA-ya, Elxan Məmmədova və onun komandasına sübut etdi ki, işləmək necə olar. Məmmədov PFL və onun rəhbərinin gördüyü işləri nə qədər qısqanclıqla qarşılasa da fakt faktdır.  Əslində final günü AFFA rəhbərliyindən heç kimin Qəbələyə getməməsi də bu qurumun PFL qarşısında zəif, aciz olduğunu göstərən bir fakt idi. Amma bu faktın özü eyni zamanda Azərbaycan futbolu üçün utancverici bir olay idi. Təsəvvür edin, ölkə kubokunun final matçı keçirilir, amma bu matçda futbol federasiyasının nə prezidenti iştirak edir, nə vitse-prezidentləri, nə də baş katibi. Olsun. Əsas odur ki, bütün bunların heç biri PFL-in əziyyətini yerə vurub gördüyü işə kölgə salmadı. Bu arada, matçı bizimlə birlikdə izləyən həmkarım Əli Həyatının dediyi bir söz yadıma düşdü: kubokun təşkilatçılığı oyunun özündən maraqlı idi. 

Anar XANLAROV


Digər xəbərlər

Xəbər xətti