“Ziko": “Hacı Mazan dedi ki, pulu dağıdacaqsan, gəl, sənə Sumqayıtdan ev alım"

15:53 5 İyun 2015

Azərbaycan futbolunu yaxından izləyənlər “Ziko"nu yaxşı xatırlayırlar. Xeyr, söhbət braziliyalı məşhur futbolçudan getmir. Sizə bizim “Ziko"dan bəhs edirəm. Əsl adı Zahirdi. Zahir Əsgərov. Sumqayıt “Xəzər"ində böyük futbola qədəm qoyan müsahibim sonradan “Dinamo", “Sumqayıt", “Kimyaçı", “Viləş", “Xəzər Universiteti", “Bakılı", “Şahdağ" kimi komandaların şərəfini qoruyub. Ən parlaq karyerası “Dinamo" və “Viləş"də olub. Onunla “Sumqayıt" - “İnter" matçından sonra görüşdüm.

 

- Zahir, çoxdandır görsənmirsən...

- Hazırda məşqçi kimi fəaliyyət göstərirəm. “Bakcell"in uşaq futbolu ilə bağlı layihəsində çalışıram. Sumqayıtdakı “İdrak" litseyində futbol bölməmiz var, orada uşaqlara futbolun sirrlərini təmənnasız öyrədirik. 6-14 yaşlı bacarıqlı uşaqları seçib bu layihəyə cəlb edirik. Əsas məqsədimiz uşaqları idmana cəlb etməklə pis vərdişlərdən uzaq tutmaqdır. Bundan başqa “Sumqayıt"ın U-14 komandasının baş məşqçisiyəm. Bir sözlə, 2011-ci ildən, yəni futbolçu karyeramı qurtaran gündən məşqçiliklə məşğulam.

- İndi də keçək futbola gəlişinə.

- Futbolla ilk dəfə 3-4-cü sinifdə oxuyanda məşğul olmağa başladım. İlk müəllimim Nazim Həsənov olub. Lakin evdən icazə vermədikləri üçün bu məşğuliyyət çox sürmədi. 4 illik fasilədən sonra 1988-ci ildə yenidən futbol bölməsinə yazıldım. Bu dəfə Nasir müəllim məşqçim idi. 1992-ci ildə isə Sabir Əliyev məni “Xəzər"ə dəvət etdi. 1993-cü ildən güclülər dəstəsində oynamağa başladım.

- Yəqin ki, “Xəzər"in heyətində ilk oyununu xatırlayırsan.

- Əlbəttk8ə. İlk oyunum Lənkəran “Xəzər"inə qarşı olub. Sumqayıtda oynayırdıq və ehtiyatda idim. 70-ci dəqiqədə Sabir Əliyev məni oyuna buraxdı. Həmin vaxt hesabda 1:0 öndə idik. Mən meydana daxil olduqdan sonra iki məsuldar ötürmə verdim və Nazim Əliyev dubl edərək hesabı 3:0-a çatdırdı. Yekun nəticə isə 5:0 oldu. Həmin vaxt azarkeşlər məni tanımırdılar, hamı deyirdi ki, bu balaca uşaq kimdi? Amma iki məhsuldar ötürmədən sonra alqışlar başladı. Oyundan sonra gətirib gül də vermişdilər.

- “Xəzər"dən söz düşmüşkən, o dövr yadında necə qalıb?

- “Xəzər" Azərbaycanın ən güclü klublarından biri idi. Heç vaxt inanmazdım ki, Vaqif Sadıqov, Nazim Əliyev, rəhmətlik Allahverdi Səfərov kimi futbolçularla eyni komandada oynaya bilərəm. Çünki onların oyunlarını həmişə televiziyadan izləmişəm. Sonradan futbolçu kimi yetişməyimdə onlardan öyrəndiklərimin də böyük köməyi oldu. Həqiqətən də gözəl günlər idi. Təsəvvür edin, 16 yaşımda artıq aktivimdə 2 gümüş medal var idi. İndi mənə elə 16 yaşlı futbolçu göstərə bilərsiniz ki, Premyer Liqada oynayır? 22-23 yaşlı futbolçuya gənc deyirlər, amma biz 16-17 yaşında Premyer Liqada medal qazanırdıq.

- Necə oldu ki, o cür gözəl komanda dağıldı?

- O vaxt bizim əsas sponsorumuz Sintetik Kauçuk Zavodu idi. Komandaya yaxşı baxırdılar. Sonradan maliyyə kəsildi. Bilirsiniz, dövr də pis dövr idi, ölkədə müharibə gedirdi. Bundan başqa zavodlar da bağlandı. Bütün bunlar komandanın dağılmasına gətirib çıxardı. Heyət də elə idi ki, bütün futbolçuları istəyirdilər. Odur ki, aparıcı futbolçular başqa klublara keçdilər. Ancaq biz cavanlar qaldıq, çünki müqaviləmiz var idi.

- Bir il sonra “Sumqayıt" adı altında yığıldınız, ardınca isə “Dinamo"çu oldun.

- Düzdür, 1995-ci ildə “Sumqayıt" adı altında yeni komanda quruldu və elə ilk ildəcə yüksək liqaya vəsiqə qazandıq. Onda da pis komandamız yox idi. Ancaq təəssüf ki, 1 ildən sonra həmin komanda da maliyyə çətinliyi ucbatından dağıldı. Həmin vaxt əsgərlik yaşım çatmışdı. Belə futbolçular üçün iki komanda var idi - MOİK və “Dinamo". Mənimlə Seymur Rəhimovun da adı artıq siyahıya salınmışdı. Biz “Dinamo"nu seçdik. Ona görə ki, MOİK-dən fərqli olaraq, bu komandanın iddiası var idi. Orada oynadığımız dövrdə həm maaş alırdıq, həm mükafat, həm də əsgərliyimizi çəkirdik. Yekunda da ikinci pilləni tutub UEFA Kubokunda oynamaq imkanı qazandıq. Bir sözlə, hər şey super idi. Təsəvvür edin, əsgər hara, “premiya" hara, Rumıniya hara, UEFA hara (gülür). Həm də etiraf edim ki, həmin vaxtı bir qədər borclarım da var idi və qazandığım pulların hesabına həmin borcları da qaytardım. Təbii ki, bütün bunları da bacarmaq lazım idi. Həmin mövsüm “Dinamo"nun 9 xalını tək mən qazanmışdım. “Dinamo", “Bakı Fəhləsi" və “Bakılı"nı 1:0 məğlub edəndə qolları mən vurmuşdum.

- Yeri gəlmişkən, həmin mövsüm siz “Şəmkir"lə gərgin mübarizə aparırdınız. Sonda xallarınız eyni idi, amma sizin “Qarabağ"la təxirə salınmış oyununuz var idi. İkinci pilləni tutmaq üçün mütləq qələbə qazanmalı idiniz. Sumqayıtdakı “İnşaatçı" stadionundakı oyunun sonuna doğru Fərrux İsmayılovun yeganə qolu sayəsində lazım olan 3 xalı qazanıb UEFA-ya yollana bildiniz. Ancaq həmin vaxt söz-söhbət gəzirdi ki, “Şəmkir"i saxlamaq üçün “Qarabağ" sizə bilərəkdən uduzmuşdu...

- Həmin oyundan qabaq biz Bakıda “Şəmkir"in özü ilə qarşılaşdıq. Rəqibə 1 xal da bəs edirdi. Amma biz onları 2:0 hesabı ilə məğlub etməyi bacardıq. Ondan sonra xallarımız bərabərləşdi. “Qarabağ"la oyuna gəlincə, siz dediyiniz söhbətlər haqda bir söz deyə bilmərəm. Amma onu bilərəm ki, “Qarabağ"la oyun bizim üçün son şans idi. Uduzsaydıq, futbolumuz qurtaracaqdı, özümüz də. Avropaya yox, birbaşa səngərə yollanacaqdıq.

- UEFA kubokunda Rumıniyanın “Arjeşt" klubu ilə qarşılaşdınız və ilk oyundaca 1:5 hesabı ilə uduzaraq ümumi məğlubiyyətlə barışdınız.

- İlk oyunumuz səfərdə idi. Oyuna pis başlamadıq. Lakin qapıçımız Nadir Şükürov ilk iki qolda kobud səhvə yol verdi. Nə baş verdiyini biz də bilmədik. Ola bilsin həyəcanlı idi. Sonradan baş məşqçimiz Nadiri dəyişsə də, artıq gec idi. İlk iki qoldan sonra komanda “sındı" və ard-arda gələn qollarla 1:5 uduzduq. Bundan başqa, rəqib də güclü idi, aradakı səviyyə fərqi də sözünü dedi. Məsələn, rəqibin heyətində Adrian Mutu kimi futbolçu oynayırdı. Bizim komandadan aparıcı futbolçular Yaşar Vahabzadə ilə Vəli Hüseynovun yoxluğu da təsirini göstərdi. Amma həmin oyunda etdiyim bir hərəkət hələ də yaddaşlardadır.

- Hansı hərəkət?

- Rəqib sürətli əks hücuma keçirdi və topu uzun hava ötürməsi ilə irəli vurdular. Hücumçu da bizim qapıçı ilə təkbətək çıxırdı. Gördüm ki, top başımın üstündən keçir arxadan dabanla onu geri qaytardım. Bütün stadion hərəkətimi alqışladı. İndi də söz düşəndə uşaqlar həmin epizodu yada salırlar.

- Həmin matç “Dinamo"da sonuncu oyunun oldu və yenidən Sumqayıta qayıtdın.

- Əsgərlik vaxtım başa çatırdı. “Dinamo"da vəziyyət yaxşı deyildi. Elə oldu ki, “Kimyaçı"dan təklif gəldi və Sumqayıta qayıtdım. Amma 1 ildən sonra pulsuzluq ucbatından bu komanda da dağıldı və “Viləş"ə getdim. Orada 2 uğurlu mövsüm keçirdik, 2 dəfə avrokuboklarda oynadıq. “Viləş"dən sonra “Xəzər Universiteti"ə keçdim və bu klubun da heyətində İntertoto Kubokuna vəsiqə qazandım. “Xəzər Universteti"ndən sonra isə yenidən Sumqayıta qayıtdım, “Gənclərbirliyi" ilə müqavilə bağladım. Halbuki “Xəzər Universiteti"nin adı dəyişdirilərək “İnter" oldu, özü də daha iddialı komandaya çevrildi. Elbrus Məmmədov, Elmar Baxşıyev qalıb karyeralarını bu klubda davam etdirdilər. Amma mən heç kimə demədən gəlib “Gənclərbirliyi" ilə müqaviləyə qol çəkdim.

- Digər klublardan fərqli olaraq, “Gənclərbirliyi" Avropaya gedə bilmədi. Bu mənada “İnter"də qalmadığın üçün peşman olmadın ki?

- Peşman olmadın deyəndə ki, öz şəhərimə qayıtmışdım. Özü də yadımdadır, ilk turda Sumqayıtda “İnter"lə qarşılaşırdıq. Həmin oyundan əvvəl mətbuata verdiyim müsahibədə demişdim ki, keçmiş komandama qol vuracam. Oyunun 89-cu dəqiqəsinə kimi hesabda 0:1 geridə idik. Sona 1 dəqiqə qalmış qol vuraraq komandamı məğlubiyyətdən xilas etdim.

- Amma “Gənclərbirliyi"ndə çox qalmadın. Bildiyimə görə, rəhbərliklə aranızda problem yaranmışdı. Doğrudur?

- Orada cəmi 3 ay oynadım. Bəli, problem oldu. Amma o problemi mətbuata açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, problem rəhbərliklə yox, baş məşqçi Mehmet Tayfur Türkmənlə oldu. Həmin ərəfədə “Göyəzən"dən də sərfəli təklif gəldi, yaxşı “podyomnı" verirdilər. “Gənclərbirliyi"nin rəhbərliyi də başa düşdü ki, ailəli adamam ona örə problem yaratmadılar, buraxdılar getdim ikinci dövrəni Qazaxda oyandım.

- Səhv etmirəmsə, “Göyəzən"dən sonra futbolçu karyeranı başa vurmağı düşünürdün. Sonra necə oldu ki, davam qərarı verdin?

- Elədir, 2005-ci ildə isə futbolla vidalaşmaq istəyirdim. Elə oldu ki, keçmiş məşqçim Sabir Əliyev Qusar “Şahdağ"ına dəvət elədi və mən də onun dəvətini qəbul etdim. Qusarda da yaxşı komandamız var idi. Səfərdə “Xəzər Lənkəran", “Qarabağ", “Bakı" kimi komandaları məğlub etdik, “Neftçi" ilə heç-heçə oynadıq. Orada bir mövsüm oynadıqdan sonra Asəf Namazov “Bakılı"ya dəvət etdi. Dedi ki, gəl, ikinci dövrəni bizdə oyna, yüksək liqaya çıxmağımıza kömək elə. Asəf müəllimin dəvətindən sonra “Bakılı"ya getdim. Yadımdadır, son turda Zabratda MOİK-lə oynayırdıq. Elitaya çıxmaq üçün mütləq qələbə qazanmalıydıq və mənim vurduğum yeganə qol sayəsində qalib gəlib yüksək liqaya vəsiqə qazandıq. Sonradan mənə qalmağı təklif etsələr də, razılaşmadım. Həmin vaxt “Sumqayıt" komandası yeni yaranmışdı və I Divizionda oynayırdı. Aqil Məmmədovu da kömək üçün bu komandaya dəvət etmişdilər. Baş məşqçi Baba Əsgərovun dəvəti ilə bir müddət də “Sumqayıt"da oynadıqdan sonra futbolçu karyeramı başa vurdum.

- Yazının girişində səni “Ziko" kimi təqdim etmişəm. Yeri gəlmişkən, bu ləqəbin də tarixçəsini bilmək istərdim...

- Bu ləqəbi mənə Nasim müəllim qoyub. Çünki uşaqlıqdan texnikalı futbolçu olmuşam. Deyilənə görə, oyunumla məşhur braziliyalı futbolçu Zikoya oxşayırdım. Amma mən özüm Zikonun oyununu görməmişəm. Açığı ilk vaxtlar uşaqlar mənə “Ziko" deyəndə xoşuma gəlmirdi, əsəbləşirdim. Hətta komanda yoldaşlarımı təhqir də edirdim. Fikirləşirdim bu nə addı mənə deyirlər. Sabah övladım olanda deyəcək ki, bu nə addı? Ancaq sonradan gördüm ki, xeyri yoxdur. Etiraf edim ki, bəlkə də öz adımla oynasaydım heç bu qədər tanınmazdım. İndi də kimə adımı deyirəm xatırlamır. Amma “Ziko" deyən kimi hamı tanıyır.

- Səni həm də aşırma zərbələrin ustası kimi tanıyırdıq. “Çerez sebya"nı ilk dəfə nə vaxtdan tətbiq etməyə başladın?

- Heç vaxt sadə futbolu bəyənməmişəm. Xoşlayırdım ki, topla qeyri-adi hərəkətlər, fintlər edim. Azarkeş futbola niyə gəlir? Zövq almağa, düzdür? Mən də çalışırdım azarkeşə zövq verim. Yadımdadır “Dinamo"da oynayanda “Neftçi"yə “çerez sebya" qol da vurmuşdum. Bədən Tərbiyəsi İnstitutunun Stadionunda oynayırdıq, oyunun 3-cü dəqiqəsi idi. Fərrux İsmayılov hava mübarizəsini udub topu mənə doğru atdı. Qapı ilə aramızda 16-17 metrlik məsafə var idi. Öz-özümə dedim ki, bunu vuracam qapıya, nə olar, olar. Elə alındı ki, vurdum və gözəl qol oldu. Həmin qələbəyə görə 200-300 dollar mükafat da almışdıq.

- Oynadığın klubların hansında maliyyə daha yaxşı olub?

- Hər klubda bir dövrdə oynamışam. Sumqayıtda 50-100 dollar verəndə mənə milyon kimi görünürdü. “Dinamo"da pis qazanmadım. “Viləş"də də həmçinin. “Viləş"in prezidenti Hacı Mazanın ən sevimli futbolçusu idim. Qoymurdu oteldə qalmağa, məni aparıb evində saxlayırdı. Sağ olsun, Sumqayıtdan mənə 2 otaqlı mənzil də vermişdi. Soruşdu ki, nə problemin var. Mən də evə ehtiyacım olduğunu bildirdim. Dedi ki, sənə pul verməyəcəm. Versəm xərcləyəcəksən, gəl sənə ev alım (gülür). Sözünün üstündə durdu və mənə ev aldı.

- İndi futbolçular yüz minlərlə pul qazanır. Maraqlıdır, sizin dövrünüzün futbolçuları ən yaxşı halda nə qədər qazanırdılar?

- Açığını deyəcəm biz, 20 “şirvan"a oynayırdıq. Şəxsən mən o vaxtlar bu qədər maaş alırdım. “Podyomnı", “premiya" olurdu, amma indiki qədər pulu ancaq yuxumuzda görərdik. “Premya" 20-30 “şirvan" olurdu. O vaxt ən güclü futbolçular maksimum 6-7 min dollar mükafat alırdılar. İndi isə söhbət 300-400 min dollardan gedir. Bizim vaxtımızda pul yox idi, amma futbol var idi. İndi isə əksinə, pul var, futbol yoxdur. Biz pulu oynayıb qazanırdıq. İndi gəlirlər, 200-300 minlik müqaviləyə qol çəkirlər, bir az da maaş gecikən kimi deyirlər ki, oyuna çıxmırıq. Deyən yoxdur ki, 200 min pul almısan da, 2 ay maaş almasan dünya dağılacaq? 200 min sənə 20 ilə bəs eliyər. Biz o vaxt 100 dollara möhtac idik. Maaşı 1 ay gec alanda bilirdik ki, evdə çörək almağa pul olmayacaq. İndi amma 1 il də pul alamasalar pulları qurtarmaz. Özü də baxırsan ki, oyun qurtarır, formalarında tər yoxdur. Ayaqlarına da toxunan kimi deyirlər ki, “yavaş oyna". Bizim vaxtımızda adama elə “podkat" edirdilər ki, uçub düşürdün meydandan qırağa.

- İlk maaşını xatırlayırsan?

- İlk maaşımı “Xəzər"də oynayanda almışdım. 76 rubl yazmışdılar. Onda hələ orta məktəbdə oxuyurdum. Pulu aldım, fikirləşirdim ki, hara xərcləyəcəm. Amma sonra apardım hamısını verdim evə. Çünki o vaxt çətin dövr idi, açığını deyəcəm, xeyli borcumuz var idi. Çünki valideynlərim zavodda işləyirdilər. Zavod isə bağlanmışdı. Bir sözlə, iş yox, borc çox. Qısası, qazancımı evə verirdim. Başqa vərdişim də yox idi. İçki içmirdim, siqaret çəkmirdim.

- Ən yaddaqalan oyunun hansı olub?

- “Xəzər" də olanda “Daşqın"a qarşı Sumqayıtdakı oyun. Oyunun da sonuna 15 dəqiqə qalmış hesab açılmamışdı. Sabir müəllim məni çağırdı ki, “hazırlaş". Stadionda da 10-ə yaxın azarkeş vardı. Hamı da “Ziko, Ziko" qışqırırdı. Elə oldu ki, meydanya daxil oldum və az sonra uzaq məsafədən qol vurdum. Həmin qolla da oyunu udduq. Bu arada həmin oyunla bağlı bir maraqlı əhvalat da danışım. Deməli, matçın səhərisi günü fiziki bərpa üçün saunaya getmişdik. Mən də kişi-kişi, artıq çəkisi olanlar kimi yaşlı futbolçulara qoşuldum. Həm də getdim görüm sauna nə olan şeydi. Halbuki mənə deyən lazım, saunada nə işin var? Nə isə, girdim içəri gördüm yalan olmasın 70-80 dərəcə isti var. 1 dəqiqədən sonra gördüm yox e, dayana bilmirəm. Elə bayra çıxmaq istəyirdim ki, Sabir müəllim gəldi. Gələn kimi də məni çağırdı ki, gəl yanıma. Qayıtdım geri. Sabir müəllim hamının yanında başladı məni tərifləməyə ki, “molodes", əla oynadın, əla qol vurdun" filan. Tərif də adama ləzzət eliyir axı. Hardasa 6-7 dəqiqə sonra gördüm ki, başım gicəllənir, gözüm qaralır. Sabir müəllim üzünü yana çevirən kimi aradan çıxdım. Amma çölə çıxandan sonra ürəyim gedib yıxıldım, üstümə təcili yardım çağırdılar. Sonradan 1-2 dəfə də avtobusda ürəyim getmişdi. Həmin hadisədən sonra Sabir müəllim məni saunaya qoymurdu.

- Başına başqa hansı maraqlı hadisə gəlib?

- Bir dəfə də “Dinamo"da oynayanda möhkəm xəstələnmişdim. 39 dərəcədə qızdırmanın içində alışıb-yanırdım. Bizim də “Bakı fəhləsi" ilə çox vacib oyunumuz var idi. Oyun günü rəhmətlik baş məşqçimiz Ruslan Abdullayev səhhətimi soruşdu. Qızdırmam olduğunu əsas gətirərək meydana çıxmağımın mümkünsüzlüyünü söylədim. Hər ehtimala qarşı adımı sifariş ərizəsinə saldı. Çıxıb tribunada oturdum. Əlimdə də “semiçka", sok, bulka. Fikirləşirdim ki, onsuz da oynamayacam. Düşünürdüm ki, yəqin ki, qələbə qazanarıq. Hər şey tərsinə oldu. Matçın 70 dəqiqəsi gedib, hesab açılmayıb. Oyunumuz da alınmır. Onda gördüm Ruslan Abdullayev üzünü tribunaya çevirib məni çağırdı: “düş, gəl aşağı, sona qədər nə bacarırsan kömək elə". Mən də o halda oyuna girdim və sona az qalmış qələbə topunu vurdum. Həmin qələbə “Şəmkir"dən aralanmamaq üçün çox vacib idi.

- Oğlun da hazırda sənin yolunu gedir. Onda “Ziko"nu görürsən?

- Rəvanı futboldan əvvəl gimnastikaya qoymuşdum. Bir müddət məşğul oldu və müəllimi də dedi ki, elastikası yaxşıdır. Ondan sonra futbol məşğələlərinə apardım. Öncə Sabir Əliyevin rəhbərlik etdiyi “Sumqayıtspor"da məşq etməyə başladı. 3 il orda oynadıqdan sonra “Sumqayıt"a gətirdim. Hazırda “Sumqayıt"ın U-10 komandasının üzvüdür, komandanın bombardiridir. Bir neçə gün əvvəl “Mançester Yunayted”in futbol akademiyasına keçirilən seçimlərdə iştirak etdi və seçilənlər arasına düşdü. Perspektivi olduğunu hiss edirəm. İnanıram ki, məndən də qat-qat güclü futbolçu olacaq.

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti