Mersisaydlı "cəngavər"

16:23 5 İyun 2015

Müasir dünya futbolunda onu hamı tanıyır. Xarici görünüşü və özəllikləri ilə çoxlarından fərqlənir. Karyerasını ancaq bir kluba həsr edib. 2009-cu ildə Zinəddin Zidan onun dünyanın ən yaxşı futbolçusu olduğunu söyləyib. Əfsanəvi futbolçudan bu cür söz “mükafat"ı almaq hər kəsə qismət olmur. 2005-ci ildə “Qızıl top" yarışmasında 3-cü yerə layiq görülüb... Bu cür uğurları saymaqla qurtarmaz. Hamı onu “Liverpul"lu kimi tanıyır. Gələn aydan karyerasını ABŞ-da davam etdirməsinə baxmayaraq “Liverpul"lu kimi də yadda qalacaq. Söhbət əfsanəvi futbolçu Stiven Cerarddan gedir. Mayın 30-u Stivin ad günü idi. Onun 35 yaşı tamam oldu. Bu üzdən “ulduz yazısı"nı ona həsr etmək qərarına gəldik. Qəzetimizin bu sayının posteri də Stiven Cerarddir.

 

Stiven Cerard 1980-ci il mayın 30-da Böyük Britaniyanın Mersisayd qraflığının Uiston şəhərciyində dünyaya gəlib. Futbolla lap uşaq yaşlarından məşğul olmağa başlayıb. İlk klubu “Uiston Cuniors" olub. Cerard 8 yaşında “Liverpul"un skautlarının diqqətini cəlb edib və 1989-cu ildə “qırmızılar"ın uşaq futbol məktəbinə dəvət alıb. İllər sonra həmin günləri xatırlayarkən Cerard demişdi: “Son dərs günü başa çatan kimi evə qaçdım. Çox sevincli idim. Bilirdim ki, mənimlə peşəkar müqavilə bağlayacaqlar". “Liverpul"da uzun müddət özünü göstərə bilməyən Cerard nadir hallarda komandanın əsas heyətinə düşürdü. 14-16 yaşları arasında o, cəmi 20 rəsmi oyunda meydana çıxmışdı. Bundan başqa onu məktəbin yığma komandasına da götürməmişdilər. Belə bir vəziyyətdə gələcək karyerasının uğurlu olacağına şübhə ilə yanaşan Stiven hələ 14 yaşı olarkən başqa klubların futbol məktəblərinə, o cümlədən “Mançester Yunayted"ə baxışa yollanmışdı. Avtobioqrafik kitabında Stiv bunu “Liverpul" rəhbərliynin onunla müqaviləni uzatmaq üçün etdiyini yazırdı. Deyəsən, bu fənd uğurlu alınmışdı. 1997-ci il noyabrın 7-də gənc futbolçu “Liverpul"la ilk peşəkar müqaviləsini bağladı.

Stiv doğma komanda ilk rəsmi oyununa 1998-ci il noyabrın 28-də çıxdı. Həmin gün “Liverpul" “Blekbern Rovers"lə qarşılaşırdı. O, ikinci hissənin sonlarında Veqard Heggemin əvəzinə meydana daxil oldu. Az sonra isə avrokuboklarla debüt oyununa çıxdı. Rəqib isə Viqonun “Selta" komandası idi. Həmin oyunda ingilislər məğlub oldular. Amma əksəriyyət həmin məğlubiyyətdən yox, gənc futbolçunun gözəgəlimli oyunundan danışırdı.

2000/01-ci illər mövsümündə Cerard komandanın əsas heyət oyunçusuna, ayrılmaz bir parçasına çevrilmişdi. Özü də məhz həmin mövsümdə o, ilk mükafatlarını qazanmışdı. Ümumiyyətlə, həmin mövsüm Stiv üçün çox uğurlu alınmışdı. Daxili birinciliklərdə 50 oyunda meydana çıxan yarımmüdafiəçi UEFA Kubokunun finalında “Alaves"lə oyunda karyerası ərzində ən vacib qollardan birini vuraraq komandasının 5:4 hesabı ilə qalib gəlməsində əvəzsiz rol oynamışdı. Yeri gəlmişkən, mövsümün yekunlarına əsasən o, İngiltərənin ən yaxşı futbolçusu seçilmişdi.

2003-cü ildə baş məşqçi Jerar Ulye Stiveni komandanın kapitanı təyin etdi. Buna kimi kapitanlıq sarğısı fin futbolçu Sami Hyuyupaya məxsus idi. Sami həmin il çox zəif çıxış etdiyindən fransız mütəxəssis bu qərara gəlmişdi. 23 yaşlı futbolçunu köklü bir komandanın kapitanı seçmək riskli addım idi. Amma zaman göstərdi ki, Ulye doğru iş görüb. Cerardın kapitan olmağı ilə komanda daxilindəki atmosfer daha da yaxşılaşdı. Gənc olmasına baxmayaraq hamı ona hörmət edir, sözünü eşidirdi. Elə həmin ilin noyabrında klub Cerardla yeni müqavilə imzaladı. Müqavilənin müddəti 4 illik idi. Bir il sonra isə “Çelsi" Cerardı transfer etməyə çox yaxın idi. Uzun-uzadı danışıqlardan sonra ingilis futbolçu doğma klubunda qalmağa üstünlük verdi və sövdələşmə baş tutmadı. Doğrudur, o, klubunu dəyişmək istəyirdi. Lakin dostları və ailə üzvləri onun “Liverpul"dan getmək fikrindən daşındıra bildilər. Deyilənlərə görə, həmin vaxt komandanın baş məşqçisi olmuş Rafael Benites də Stivin fikrini dəyişməsində böyük rol oynamışdı.

Yəqin ki, Çempionlar Liqasının 2004-cü ildəki finalını xatırlayırsınız. İstanbulda keçirilən həlledici oyunda “Liverpul" İtaliyanın “Milan" komandası ilə qarşılaşırdı. İlk hissədən sonra italyanlar ingilislərin qapısından 3 cavabsız top keçirmişdilər. Çoxları “Milan"ın qalib olacağını düşündüyü bir vaxtda Cerard səhnəyə çıxdı. Onun başla vurduğu baxımlı qoldan sonra “Liverpul" özünə gəldi. Az sonra Vladimir Şmitser ikinci qolu vurdu. Matçın sonlarına yaxın isə “milan"lılar cərimə meydançasasında məhz Stivenə qarşı kobud oynadılar. Xabi Alonso imkanı boşa vermədi və penaltini dəqiq yerinə yetirdi - 3:3. Hakim tərəfindən təiyn olunmuş əlavə vaxtda hesab dəyişmədi. Oyunsonrası penaltilər seriyasından sonra isə sevinən tərəf ingilislər idi. Həmin oyundan sonra “Çelsi" Stivenə görə 22 milyon funt-sterlinq təklif etmişdi. Keçid baş tutsaydı, İngiltərə futbolu tarixində daxili transferlərdə rekord qeydə alınacaqdı. Lakin Cerard komandanı tərk etmədi. Hətta bir qədər əvvəl “Liverpul"dan ayrılmaq istəməsi ilə bağlı verdiyi açıqlamaya görə azarkeşlərdən üzr istədi və kapitana layiq olmayan hərəkətinə görə peşman olduğunu bildirdi. Benites Stivenin bu qərarını anlayışla qarşıladı və hörmət əlaməti olaraq kapitanlıq sarğısını ondan almadı. Bir gün sonra isə o, Cimmi Karrager ilə birlikdə yeni 4 illik müqaviləyə imza atdı.

2006-cı ildə İngiltərə Kubokunun finalında “Vest Hem"ə qol vurmaqla Cerard rekorda imza atdı. Buna kimi heç bir futbolçu 4 böyük turnirin finalında qol vura bilməmişdi. O, İngiltərə Kubokundan savayı İngiltərə Liqa Kuboku ("Mançester Yunayted", 2003), UEFA Kuboku ("Alaves", 2001) və Çempionlar Liqası Kubokunun ("Milan", 2005) finallarında da meydanı qol vuraraq tərq etmişdi.

2007-ci il də onun üçün bir neçə hadisə ilə yadda qalıb. Avqustda Çempionlar Liqasında “Tuluza" ilə oyunda ayaq barmağı sınan futbolçu 4 gün sonra “Çelsi" ilə vacib oyunda ağrıkəsicilərin köməyi ilə iştirak etdi. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Həmin ilin 28 oktyabrında isə “Arsenal"la oyunda Stiv “Liverpul" forması ilə 400-cü oyununa çıxdı və hətta yubiley oyununda qol da vurdu. Çempionlar Liqasında “Marsel"lə matçdan başqa noyabr ayında oynadığı bütün oyunlarda qol vurmaqla ilkə imza atdı. Az sonra isə bütün yarışlarda ardıcıl 7 oyunda fərqlənməklə 1989-cu ildə Con Oldricin əldə etdiyi nailiyyəti təkrarladı. 2008-ci il aprelin 13-də ilk “Blekbern Rovers"lə matça Premyer Liqadada 300-cü oyununa çıxdı. Maraqlıdır ki, Premyer Liqada ilk oyununa da məhz bu komandaya qarşı matçda meydana çıxmışdı. Daha bir yubiley matçı 2009-cu il martın 29-a təsadüf etdi. Həmin gün Stiv Çempionlar Liqasının pley-off mərhələsində “Real"a qarşı oynamaqla avrokuboklardakı 100-cü oyununu keçirdi. Görüş “Liverpul"un 4:0 hesablı qələbəsi ilə başa çatdı və yubilyar dubl etdi. Rekordlar və yubiley qolları bunlarla bitmir. 2012-ci il oktyabrın 19-da “Nyukasl"la oyunda penaltidən özünün 100-cü qolunu vuran Cerard 2014-cü il aprelin 6-da “Vest Hem"lə qarşılaşmada daha bir rekorda imza atdı. Belə ki, o, “Liverpul"un heyətində özünün 172-ci qolunu vurmaqla əfsanəvi Kenni Dalqlişi geridə qoydu. Cerard indiyə kimi ancaq “Liverpul"un şərəfini qoruyub. Bu komanda ilə bir çox uğurlara imza atsa da, İngiltərə çempionu ola bilməyib. Ötən mövsüm mersisaydlılar qızıl medalları qazanmağa çox yaxın idilər. Son turlardakı inamsız çıxış Cerardın komandasının yekunda “Çelsi"dən 2 xal az toplaması ilə nəticələndi. Bu il yanvarın 2-də Cerard yayda vaxtı bitəcək müqaviləsini yeniləməkdən imtina etdi və mövsüm başa çatanda “Liverpul"dan ayrılacağını bildirdi. 5 gün sonra isə o, “Los Anceles Qalaksi" ilə müqavilə bağladı. İyul ayından etibarən Stiven ABŞ komandasında çıxış edəcək. Deməli, İngiltərə çempionu olmaq ona nəsib olmayacaq.

 

Milli karyerası

Stiven İngiltərə yığmasında ilk oyununa 2000-ci il mayın 31-də, “Liverpul"da debütündən cəmi ilyarım sonra Ukrayna ilə qarşılaşmada çıxıb. Ardınca onun adı Avro-2000-inin iştirak ərizəsinə salınsa da, həmin turnir nə Stiv, nə də İngiltərə millisi üçün uğurlu olmadı. Almaniya ilə oyunda vur-tut 29 dəqiqə meydanda olan futbolçu qrup mərhələsindən sonra komandası ilə birgə çempionatı tərk etdi. 2002-ci ilin sentyabr ayında Cerard milli forma ilə ilk dəfə fərqləndi. Almaniyanı 5:1 hesabı ilə məğlub etdikləri həmin qarşılaşmada 3 topu “Liverpul"un futbolçuları vurmuşdular.

Maraqlı bir məqamı qeyd edək - Stiven İngiltərə millisinin heyətində 4 Avropa çempionatının final mərhələsində oynayan tək futbolçudur. Dünya çempionatlarının final mərhələsinə gəlinə, o, 3 dəfə mundial iştirakçısı olub. 2002-ci ildəki turniri zədə səbəbindən buraxan futbolçu son dünya çempionatından İngiltərə yığmasının biabırçı çıxışından sonra yığmadan yarıldığını bəyan edib.

Stiven 2006-cı ildə baş məşqçi Stiv MakLaren tərəfindən yığmanın vitse-kapitanı təyin edilib. Həmin vaxt kapitan Con Terri idi. 2010-cu ildə isə o, kapitan idi. Rio Ferdinandın zədələnərək CAR-da keçirilən mundialı buraxması üzündən sarğı ona etibar edilmişdi.

 

Nailiyyətləri

2 dəfə İngiltərə Kuboku (2000/01,2005/06), 3 dəfə İngiltərə Liqa Kuboku (2000/01, 2002/03, 2011/12), 2 dəfə İngiltərə Superkuboku (2001, 2006), Çempionlar Liqası Kuboku (2004/05), UEFA Kuboku (2000/01), 2 dəfə isə UEFA Superkubokunun (2001, 2005) qalibi. Şəxsi mükafatlara gəlincə onların sayı 30-dan çoxdur.

 

Maraqlı məqamlar

- 2006-cı il sentyabrın 2-də Stivenin “Cerard: Mənim tarixim" adlı avtobioqrafik kitabı işıq üzü görüb.

- Model Aleks Kurran ilə evlidir. Cütlüyün 3 qızı var - Lili-Ella (23 fevral, 2004), Leksi (9 may, 2006) və Lurdes (31 oktyabr, 2011).

- 2006-cı il dekabrın 13-də Mersisayd qraflığının Nousli şəhər soveti Cerarda şəhərin fəxri vətəndaşı adını verib. Sonuncu dəfə belə fəxri ad 1988-ci ildə təltif edilmişdi.

- 2006-cı il dekabrın 29-da Cerard Britaniya İmperiyasının fəxri kavaler ordeninə layiq görülüb.

- Stivenin əmisi oğlu Entoni Cerard da peşəkar futbolçudur və İngiltərənin aşağı liqa komandalarından olan “Oldhem Atletik"də oynayır.

- 2008-ci ilin dekabrında “Nyukasl"la (1:5) oyundan sonra dava etdiyinə görə həbs olunub. Lakin sonradan bəraət alaraq azadlığa çıxıb və canını cərimə ilə qurtarıb.

- 1989-cu il aprelin 15-də İngiltərə Kubokunun yarımfinalında “Hillsboro"da keçirilən “Nottingem Forest" - “Liverpul" matçı zamanı azarkeşlər arasında yaranan basabasda yaxın qohumu dünyasını dəyişib.

Stiven Cerardın statistikası

İllər                          Komanda                          Oyun      Qol    

1998-2005             Liverpul (Premyer Liqa)  504      119

1998-2005             Liverpul (bütün turnirlər)            708      186

            Millidə

1997                       İngiltərə (U-16)                  5          0

1998                       İngiltərə (U-18)                  2          0

1999-2000             İngiltərə (gənclər)                          4          1

2000-2014             İngiltərə                           114       21

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti