Jurnalistlərə hörmətsizlik, yoxsa...

16:37 5 İyun 2015

Ötən ay müstəqil Azərbaycan futbolu tarixində bir ilkə imza atıldı. Vladiqafqazda veteran futbolçumuz, bir neçə ay əvvəl 50 illik yubileyini qeyd etmiş Nazim Süleymanovun şərəfinə bir vaxtlar onun formasını geyindiyi, heyətində Rusiya çempionatının qızıl və gümüş medallarını qazandığı “Alaniya" ilə “Neftçi"nin veteranları arasında görüş keçirildi. Tədbir osetiyalılar tərəfindən təşkil olunmuşdu. Yalnız bəzi məsələləri, o cümlədən yol xərci, qonaqların gedib-gəlməsi üçün nəqliyyat vasitəsini çıxmaq şərtilə. Səfərə “Neftçi"nin veteranları ilə yanaşı mətbuat nümayəndələrinin aparılacağı da gözlənilirdi. Hətta ilkin siyahı hazır idi. Lakin sonradan nədənsə həmin siyahı ləğv edildi. Deyilənlərə görə, media nümayəndələrinin aparılmamasının təşəbbüskarı AFFA-nın baş katibi Elxan Məmmədov olub. Görəsən, yığmanın Norveç səfərinə xərc çəkib jurnalist aparan AFFA hansı səbəbdən qələm əhlini Bakıdan 700 km məsafədə yerləşən və cüzi vəsait tələb edən Vladiqafqaza getməyə qoymadı? Özü də bir halda ki, sərhəddən o yanakı xərclər osetiyalıların, ən uzağı səbəbkarın üzərinə düşəcəkdi, ayrılan avtobus xeyli sərnişin tutumuna malik idi və s. Avtobus demişkən, AFFA-nın ayırdığı həmin nəqliyyat vasitəsi Nazim Süleymanovun şəkillərini əks etdirən nəfis tərtibatda bəzədilmişdi. Sonradan məlum oldu ki, tərtibatı AFFA yox, Nazim müəllimin dostu yubilyara hədiyyə edib. Jurnalistlərin “ofsayd"a salınması ilə bağlı məsələ haqda bir qədər sonra. Bizlərə embarqo qoyulsa da, öz hesabına Vladiqafqaza gedənlər tapıldı. Həmkarlarımızdan Natiq Muxtarlı, Amal Abuşov, İlkin Xəlilov və Əli Sahib Vladiqafqazdakı tədbirdə iştirak etdilər və idman mətbuatında geniş yazıları dərc olundu. Onların hesabına oxucular və həmkarları tədbirlə bağlı geniş məlumat ala bildilər.

Jurnalistlərin Vladiqafqaza aparılmaması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl müəllim tədbirə jurnalistərin göndərilməməsi ilə bağlı məlumatının olmadığını bildirməklə yanaşı bunun Elxan Məmmədovun göstərişi ilə edildiyinə imanmadığını söylədi. Norveçə gedəcək jurnalistlərlə bağlı isə qurum sözçüsü növbəlilik prinsipini ilə yanaşı AFFA-nın iş prinsipini də nəzərə aldıqlarını dedi. “AFFA-nın prinsipləri hansıdır" sualına isə Mikayıl müəllim konkret cavab bildirmədi. Lakin yığmanın növbəti səfərlərində növbəlilik prinsiplərini üstün tutacaqlarını söylədi. Mövzudan uzaq düşməyək, jurnalistlərin Vladiqafqaza aparılmaması ilə bağlı Mikayıl müəllim Veteranlar İttifaqının sədri Oqtay Abdullayevə müraciət etməyimizi məsləhət gördü. Oqtay müəllim isə öz növbəsində səbəb kimi yer azlığını göstərdi: “Ora cəmi 12-13 veteran futbolçu getmişdi. Əsas xərclər “Alaniya"nın üzərinə düşdüyündən bizdən mümkün qədər az qonağın aparılmasını xahiş etmişdilər. Tədbirə jurnalistlərin getməsini biz də istəyirdik. Hətta Elxan Məmmədovla söhbətimizdə baş katib də media nümayəndələrinin Vladiqafqaza aparılmasının tərəfdarı olduğunu bildirmişdi. Təəssüf ki, bizə ayrılan yerin məhdud olması buna imkan vermədi".

İmkan düşmüşkən, Oqtay müəllimdən Vladiqafqazdakı tədbir və bundan bir qədər əvvəl Odessada mərhum Əhməd Ələsgərovun xristian adət-ənənələri ilə dəfn olunamasına da münasibətini öyrəndik: “Nazim Süleymanovu Vladiqafqazda həqiqətən sevirlər. Əla tədbir oldu. Vladiqafqaz kasıb şəhərdir. Amma insanları çox istiqanlıdırlar. Hər yerdə hörmətlə qarşıladılar. Bir sözlə, narazı qaldığımız məqam olmadı. Əhməd müəllimin dəfninə gəlinə, biz və Ukraynadakı Azərbaycan diasporu mərhumun müsəlman adət-ənənələri ilə dəfn olunmasının tərəfdak2rı idik. Doğrudur, molla çağırıldı, ruhuna fatihə oxundu, bir müsəlmanın dəfni üçün lazım olan bəzi işlər görüldü. Amma sonda xristian adət-ənənələri - üzüaçıq, tabutda və musiqi ilə son mənzilə yola salındı. Bu formada dəfn olunmasını onun ailə üzvləri istəmişdilər və təəsüf ki, onların istəyinə qarşı çıxa bilməzdik".

“Het-trik news” 


Digər xəbərlər

Xəbər xətti