Yola saldığımız həftənin çərşənbə axşamı əvəzedicilərin birinciliyində çempion məlum oldu. “İnter" səfərdə “Sumqayıt"a 2:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxdı. Çempion adı uğrunda mübarizə aparan digər komanda - “Simurq" isə... Oxuyacağınız yazıda məhz “Simurq"la bağlı məqama toxunacağıq. Məsələ burasındadır ki, sonuncu tur ərəfəsində “İnter" “Simurq"dan 1 xal öndə idi. 35-ci turda bu komandaların keçirdikləri oyunlar eyni vaxtda başlamışdı. Sonuncu turun oyunları da idman prinsiplərini nəzərə almaqla eyni vaxtda start götürməli idi. Bu haqda yarışları keçirən PFL-in nizamnaməsində də göstərilib (bənd 3.18.): “PFL idman prinsipləri tələb edərsə, çempionatın son iki turunda matçların başlanma vaxtını eyni saata təyin etmək hüququna malikdir. Matçın yeri və vaxtını PFL müəyyən edir". Amma “Sumqayıt" - “İnter" oyunu 1 gün əvvələ çəkilməklə həmin prinsiplər pozuldu. Əslində “Xəzər Lənkəran" - “Simurq" oyununu da bir gün əvvələ təyin etməklə həmin prinsipləri qorumaq olardı. Amma bu baş vermədi. Hansı səbəbə görə PFL nizamnaməyə əməl etmədi? Bununla bağlı PFL-in Yarışların Keçirilməsi Departamentinin rəhbəri Zamiq Hüseynova müraciət etdik. Zamiq müəllim nizamnamənin, o cümlədən idman prinsiplərinin pozulduğunu etiraf etsə də, bunun onların günahı üzündən baş vermədiyini bildirdi: “İnter" və “Simurq"dakı vəziyyətdən hamının xəbəri var. Komandanın bir çox aparıcı futbolçuları klubu tərk ediblər və hər iki komanda əvəzedicilərin ümidinə qalıb. “İnter" rəhbərliyi bizə yetərsayın olmaması səbəbindən əvəzedici komandanın oyununu 1 gün irəli çəkməklə bağlı rəsmi müraciət etdi. Biz də onların müraciətini müsbət cavablandırdıq. Doğrudan da əvəzedici komandanın bəzi futbolçularının öz oyunlarından bir gün sonra əsas komandanın heyətində meydana çıxacaqlarını nəzərə alsaq, futbolçulara çətin olacaqdı".
Bəs, “Simurq"un oyunu hansı səbəbdən 1 gün əvvələ çəkilmədi? Zamiq müəllim “İnter"in oyununun vaxtının dəyişdirilməsi ilə bağlı “Simurq" rəhbərliyini məlumatlandırdıqlarını, amma onlardan konkret bir cavab almadıqlarını söylədi: “Zaqatala klubundakı vəziyyətlə bağlı təkcə əvəzedicilərin yox, əsas komandanın da Lənkərana gedib-getməyəcəyi bilinmirdi. Bununla bağlı menecer Kamran İsmayılovla tez-tez əlaqə saxlayıb vəziyyəti öyrənirdik. “İnter"in əvəzedicilərinin oyununun vaxtının dəyişdirilməsi ilə bağlı Kamran müəllimi məlumatlandırmışdıq və indan prinsiplərinin pozulmaması üçün “Simurq"un əvəzedicilərinin də oyununu bir gün əvvələ çəkməyi məsləhət görmüşdük. Sadəcə, Kamran müəllim klubdakı vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək oyunun vaxtının dəyişdirilməsini istəmədi. Üstəlik, nəzərə alaq ki, əvəzedici komandanın Lənkərana gedəcəyi də sual altında idi".
Doğrudur, idman prinsipləri pozulub. Amma məsuliyyəti təkcə PFL-in üzərinə atmaq düzgün olmazdı. Əslində “İnter"in əvəzedicilərinin oyununun 1 gün əvvələ salınması “Simurq" klubuna sərf edirdi. Əgər bakılılar xal itirsəydilər, o halda “Simurq"un əvəzediciləri Lənkərana gedəcək və çempionluq üçün oynayacaqdılar. Ertəsi gün isə həmin futbolçular əsas komandanın heyətində oyuna çıxacaqdılar. Hansı pulla, hansı yolla, bu başqa söhbətin mövzüsüdür. Məlum olduğu kimi, “İnter" qalib gəldi və “Simurq"un əvəzediciləri Lənkərana yollandılar. Amma öz oyunları yox, Premyer Liqa oyunu üçün. Özlərinə gəlincə, oyun keçirilmədi və zaqatalalılara texniki məğlubiyyətin veriləcəyi şübhəsizdir.
“Het-trik news”
"Simurq"un məşqçisi: “Hakimi təhqir etməmişəm, haqsız yerə cəza veriblər"
Bu həftə AFFA-nın İntizam Komitəsinin keçirilən növbəti iclasında qəbul olunan qərarlardan biri diqqətimizi çəkdi. Söhbət əvəzedicilərin çempionatında 35-ci tur çərçivəsində keçirilmiş AZAL - “Simurq" oyununda baş verənlərlə bağlı idi. Komitənin qərarına əsasən oyun başa çatdıqdan sonra Zaqatala klubunun məşqçisi Asif Ramazanov geniş gütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulub. Bu hələ harasıdır, Ramazanovun bu hərəkətinə görə “Simurq" klubu 10 min manat cərimə olunub.
Düzü, indiyə kimi bu qədər pul cəriməsinə məruz qalanlarla nadir hallarda rastlaşırıq. Səhv etmiriksə, sonuncu dəfə böyük məbləğdə cərimə “Neftçi"nin keşmiş vitse-prezidenti Tahir Süleymanova tətbiq olunmuşdu. “Neftçi"nin Premyer Liqa klubu olduğunu və Tahir Süleymanovun yüksək vəzifə tutduğunu nəzərə alsaq, ona verilən cəza müəyyən qədər başadüşüləndi. Amma nə “Simurq"un əvəzediciləri “Neftçi" deyil, nə də Asif Ramazanov hansısa yüksək vəzifə sahibi. Asif sıradan məşqçidir və Zaqatala klubunun indiki vəziyyətində ona bu məbləğdə cəza veriməsi nə dərəcədə doğru idi? Görəsən, məşqçi hakimləri hansı formada təhqir etmişdi ki, ona bu qədər ağır cəza verilib? Asif Ramazovla əlaqə saxlayıb AZAL-la oyundan sonra baş verənlərə və cəzalanmasına münasibət öyrəndik: “AZAL-la oyunda qalib gəlmək bizim üçün çox vacib idi. Xal itirəcəyimiz təqdirdə “İnter"i özümüzdən irəli buraxacaqdıq ki, bu da baş verdi. Oyunun 1:1 hesabı ilə başa çatmasında hakimlər günahkar idilər. İlk qoldan sonra vurduğumuz 2-ci qolu haqsız olaraq qeydə almadılar. Bundan başqa bir neçə epizodda əleyhimizə verdikləri qk2ərarlar həm məşqçilər korpusunu, həm də futbolçuları özündən çıxardı. Oyundan sonra qarmaqarışıqlıq düşdü və aranı sakitləşdirmək üçün meydana çıxdım. Ardınca isə mən, komandanın icraçı direktoru Vaqif Əliyev və mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev hakimliyə protest yazmaq üçün hakimlər otağına girdik. Orada hakimlər briqadası ilə yanaşı oyunun hakim-inspektoru Eldəniz Musayev də var idi. Mən diqtə edirdim, Rüstəm isə protokolda qeydlər aparırdı. Narazı qaldığımız məqamları yazdıqdan sonra altına mən imza atdım. Həmin vaxt oyunun baş hakimi Teymur Fərhadov mənə “əgər qol çəksən, mən də yazacam ki, sən hakimləri təhqir edibsən", deməklə məni təhdid etdi. Düzü, həmin vaxt Rüstəm mənə etiraz etməyə imkan vermədi və sakit dayanmağımı xahiş etdi. İntizam Komitəsinin qərarı açıqlanandan sonra Teymurun “sözünün üstündə" durduğu məlum oldu. Belə cəzanın veriləcəyini gözləmirdim. Bu, haqsızlıqdı. Hakimləri təhqir etməyimlə bağlı hansısa dəlilləri yoxdur. Ola da bilməz. Çünki onlara güldən ağır söz deməmişəm. Təkcə protokolda yazılan etirazların altından imza atmışam".
İntizam Komitəsinin verdiyi həmin qərarla bağlı Ramazanov Apellyasiya Komitəsinə müracit etmək istəsə də, indiki vəziyyətdə bunun mümkün olmadığını bildirdi: “Qərar açıqlandıqdan dərhal sonra klub rəhbərliyi ilə əlaqə saxladım və Apellyasiya Komitəsinə müraciət etməli olduğumuzu bildirdim. Amma klubun indiki vəziyyətində cəza-filan yada düşmür. Bir neçə gün əvvəl vəziyyətə aydınlıq gətirmək üçün AFFA-ya getmişdim. Orada Elçin Məmmədovla qarşılaşdım. O mənə cəzanın ləğv edilməsinin və ya yüngülləşdirilməsinin çətin olacağını dedi. Bildirdi ki, dəlil-sübut olmasa da, komitə qərar verəndə adətən hakimlərin fikirlərini əsas tutur".
“Simurq"un cəriməni ödəyəcəyi inandırıcı görünmür. Klubun düşdüyü vəziyyət bunu deməyə əsas verir. Belə olan halda cəriməni Asif Ramazanovun özünün ödəməsini gözləmək olarmı? Və ya cərimə ödənilməyəcəyi halda məşqçinin aqibəti necə olacaq? Bu suallara isə Asif Ramazanov bədbin cavab verdi: “İşimə görə 300 manat məvacib alıram. Bir neçə aydır ki, maaşlar verilmir. Başqa qazanc yerim də yoxdur ki, həmin pulu ödəyim. Necə olacağını bilmirəm. Belə çıxır ki, cərimə ödənməsə gərək məşqçiliyi atıb gedib başqa işlə məşğul olum. Bir daha təkrar edirəm, hakimi təhqir etməmişəm. Əgər etsəydim, bunu kişi kimi boynuma alardım. Etmədiyi bir hərəkətə görə insanı necə cəzalandırmaq olar? İndi görüləsi bir iş yoxdur. Gözləyək, çempionat başa çatsın. Sonra AFFA rəhbərliyiniə müraciət edəcəm. İmkan dairəsində cərimənin ləğv olunmasına, heç olmasa, azaldılmasına çalışacam. Mənim futbolda qalmağım AFFA rəhbərliyindən asılıdır. İnanıram ki, gənc məşqçini çıxılmaz vəziyyətdə qoymayacaqlar".
Mövzu ilə bağlı İntizam Komitəsinin üzvü Məlik Həsənovun fikirlərini öyrəndik. Məlik müəllim sözügedən cəzanın hakimlərin oyunun protokolunda aparılan qeydlərə əsaslanaraq qaydalara uyğun şəkildə verdiklərini bildirdi, cəzanın ləğv olunması və ya yüngülləşdirilməsi ilə bağlı “Simurq"un rəsmi şəkildə Apellyasiya Komitəsinə müraciət etməli olduğunu söylədi.
“Het-trik news” qəzeti