YAZI Hara gedirsən ay... AZAL?

16:40 5 İyun 2015

Bir neçə kəlmə də AZAL-ın ölkəmizi avrokuboklarda təmsil etməsi haqda. Çünki “İnter" imtina etsə, prosedur qaydalara görə, avrokuboklara turnir cədvəlində bu klubdan sonrakı yerləri tutan komandalardan biri getməlidir. 5-ci pillənin sahibi “Simurq"a avrokuboklarda iştirak üçün lisenziya verilmədiyindən bu komandanın “İnter"i əvəzləməsi mümkün deyil. Yerdə qalır beynəlxalq lisenziya alan AZAL və “Xəzər Lənkəran". İnsafla danışaq,  “Xəzər Lənkəran" çox canfəşanlıq eləmir. Çünki özləri də bilir ki, bu vəziyyətdə avrokuboklarda oynamağa hazır deyillər. Yəni havadan şans yaranıb deyə, bütün yay hazırlığını, növbəti mövsümlə bağlı planları qurban vermək heç bir məntiqə sığımır. Ona görə də növbəti mövsüm üçün çempionluğu hədəfləyən cənublular avrokuboklarda oynamağa maraq göstərmir. Həm də məsələ rəsmləşmədiyindən etik prinsipləri də gözləyirlər.

Amma AZAL indidən özünü atıb ortaya ki, bəs biz “İnter"i əvəzləyə bilər. Sual verərələr ay AZAL, sən Avropa Liqasında oynamağa hazırsan ki, düşmüsən ortaya? Hansı heyətlə, hansı oyunla buna iddia edirsən? Sənin bu heyətin heç Azərbaycan Premyer Liqasında oynamağa imkan vermir, çıxıb Avropada neyləyəcəksən? Mövsümün əvvəlində çox iddialı açıqlma verdiniz ki, hədəf avrokuboklardı, xeyli də transfer etdiniz. Amma mövsümün sonunda 9 komanda arasında 6-cı pilləni tutdunuz. O da “Xəzər Lənkəran"ın iddiasından əl çəkməsindən sonra. Bir meydançanız var ki, bir dəfə ayaq basan əlindən dad eləyir. Onsuz bir dəfə “Minsk" gəldi, oynadı,  iki futbolçusunu “itirdi", Belarus mətbuatı da 1 həftə bu bərbad örtükdən yazdı. Həmin hadisənin üstündən 3-4 il keçdiyini nəzərə alsaq, Şüvəlandakı meydança daha bərbad duruma düşüb. Avropaya bu meydanşça ilə çıxmaq istəyirsiniz? Klub rəhbərliyi açıqlama verir ki, onsuz da 3-4 futbolçu transfer etməyi düşünürdük. Yəni heyəti 3-4 legionerlə gücləndirib Avropa Liqasında oynamaq istəyirlər. Tez-tələsik, hazır olmaya-olmaya çıxıb Azərbaycanı biabır etmək belə vacibdir?

 

Bəs, necə olacaq?

Böyük ehtimalla “İnter" Avrokuboklarda iştirak edəcək. Əslinə qalsa, bunu klub yox, AFFA istəyir. Çünki daha əvvəl qeyd etdiyimiz kimi “İnter" Avroliqadan imtina etsə Azərbaycanı cəza gözləyə bilər. Vəziyyətdən çıxış yolu kimi AFFA komandaya Avroliqada oyunlarını keçirmək üçün lazım olan vəsaiti verəcək. Burada nəticə əsas rol oynamayacaq, əsas iştirakdır. Komandanın aparıcı futbolçularının, məşqçilərin klubdan ayrıldığını nəzərə alsaq, “İnter" böyük ehtimalla oyunlara komandada qalan futbolçularla və əvəzedicilərlə çıxacaq ki, bu halda da mərhələ adlamaq mümkün görünmür. O ki qaldı AFFA-nın “İnter"ə görə ödəyəcəyi məbləğə, həmin pul sonradan Avroliqada iştirakına görə UEFA-nın “İnter"ə ödəyəcəyi puldan çıxılacaq. Yəni, AFFA “İnter"ə pay yox, borc verəcək.

Bir neçə gün əvvəl “İnter”in prezidenti Georgi Nikolov mətbuata verdiyi açıqlamada “İnter”in Avropa Liqasında çıxışı maliyyə probleminin həll olunduğunu bildirib. Bizə Nikolova inanmaq qalır. Daha durub deyəsi deyildi ki, AFFA-nın köməkliyi ilə avrokuboklara gedirik.

Anar XANLAROV

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti