“Qarabağ” dərdimizi təzələdi

18:01 5 İyun 2015

“Qarabağ” “qızıl dubl” etməklə dərdimizi təzələdi. Bu uğura doğma komandam düz 22 il əvvəl imza atmışdı. 22 il əvvəl. 1993-cü ildə. Ağdam işğal olunan il. Bəli, bu acını bir daha yaşatdı, yaramıza dağ basdı “Qarabağ”.

22 il əvvəl “Qarabağ”ın bu “qızıl dubl”una sevinə bilməmişdik. Bir gözümüz..., əslində elə iki gözümüz də, ürəyimiz də, ağlımız da ağlayırdı.

Dünən o hissləri bir də yaşadım. Yarama dağ basdı “Qarabağ”. Bilirəm, indi kimsə dodaq büzəcək və ritorik bir sual verəcək: “Bəyəm bu yara hər gün ürəyimizi dağlamırmı?”

Amma mən də nə dediyimi bilirəm. Bu yaraya hər gün dağ basılır. Bir gün köhnə qonşularımdan xəbər tuta bilməyəndə dağ basılır yarama.

Bir gün “Qarabağ” dubl edəndə...

Hər gün, hər saat, hər an... Nəysə...

“Qarabağ” bizim yaramıza dağ basdığına görə minnətdaram. Sağ olun, əzizlərim, sağ olun, doğmalarım... “Qarabağ” mənim yarama dağ basdı. Amma bütün Azərbaycanı sevindirdi. Bax, buna görə də minnətdaram.

Hamı sevinir, hamı “Qarabağ”ı özününkü hesab edir. Mən bu səmimiyyətə varlığım qədər inanıram. Azərbaycan xalqı Qarabağı necə sevirsə, “Qarabağ”ı da elə sevir.

Paralellər aparıb sizi yormaq istəmirəm. Amma bir həqiqəti deməsəm, özümü bağışlaya bilmərəm.

Bəli, “Qarabağ” Ağdamın komandası idi. Amma bu gün bütün Azərbaycanındır. Bu məni çox sevindirir. Doğrudur, çoxları buna başqa prizmadan baxır, “bu, Ağdamın komandası deyil”, “Ağdam öz komandasını yaratmalıdır” və sairə. Mən bunlarla razı deyiləm. Və bunu cılızlaşma hesab edirəm. Axı...

Bəli “Qarabağ” Ağdamda yaranıb, onun əziyyətini də ağdamlılar çəkib. Bu gün də onun ən böyük azarkeş dəstəyi “İmarət”dir. Amma bu gün “Qarabağ”ın bütün Azərbaycanın olması da təbiidir. Axı Xudu Məmmədovu da Ağdam yetişdirmişdi, amma o bütün Azərbaycanındı. Axı Allahverdi Bağırovu da Ağdam yetişdirmişdi, amma o da bütün Azərbaycanındır. Siyahını uzatmaq olar. Amma nəyə lazım...

Ağdamın “Qarabağ”ı Avropada bütün Azərbaycanı təmsil edəcək. Və hər oyununda mənim dərdimi təzələyəcək. Bu, bəsimdir...qafqazinfo


Digər xəbərlər

Xəbər xətti