"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.
SportArena.az xəbər verir ki, hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.
Bununla əlaqədar, AzVİF ölkə mətbuatının regional nümayəndəliklərini Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn velosipedçilərin təntənəli qarşılanma mərasiminə dəvət edir.
Xatırladaq ki, portuqaliyalı velosipedçi Xorxe Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən artıq məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun 7 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.