“Kluba gələndə bilirdim ki, qarşıda getməli olacağım gün də var. Amma bu haqda düşünməməyə çalışırdım. Deyəcək çox sözüm var, amma yaxşılardan danışacağam”. Bu sözləri serbiyalı qapıçı Saşa Stamenkoviç deyib.
Uzun müddət “Neftçi” klubunun qapıçısını qoruyan Stamenkoviç paytaxt təmsilçisindən ayrılması ilə bağlı fikirlərini bölüşüb.
“Bu komanda məni və ailəmi yedizdirib və yediyin boşqaba tüpürmək olmaz. “Neftçi” həyatımın xoş dövrü idi və bu üzdən komandadan ayrılmaq asan deyil. Təəssüf ki, karyeramın çiçəklənən, komandama fayda verə biləcəyim dövrdə getməli oluram. Kluba gələndən sonra hər şey yuxudakı kimi cərəyan edirdi. İmkanımdan istifadə edib, bundan yararlandım. 4 ildə 4 titul qazandım. Onların hamısı ilə fəxr edirəm. Bu mükafatlar həmişə sizin rəfinizdə qalacaq. Avropa Liqasındakı uğurla da fəxr edirəm. Kiprdən qayıdanda bizi hava limanında minlərlə insanın qarşılamasını da unutmayacağam. 9 illik həsrətdən sonra kubok qazanmağımızla da öyünə bilərəm. Biz həmişə özümüzü bir ailənin hissəsi saymışıq. Sadıq Sadıqov bizə "divardan keç" desəydi, bunu edərdik. Təəssüflənirəm ki, Avropa Liqasının qrup mərhələsində ikinci dəfə oynaya bilmədik. Bu nəslin eyni nəticəni təkrarlamaq gücündə olduğuna əminəm” - deyə, qapıçı bildirib.
Stamenkoviç hesab edir ki, bəlkə də “Neftçi”nin tarixinin ən yaxşı dövründə çıxış edib: “Komandam üçün dəfələrlə bədənimi qurban vermişəm. Zədələrlə oynamışam. Bunu titullar qazanmaq üçün etmişəm. Gənc oyunçular üçün komanda naminə necə döyüşmək baxımından yaxşı nümunə olduğunu düşünürəm. Burada 4 il oldum, müxtəlif vəziyyətlərlə üzləşdim. Amma yalnız yaxşı məqamları xatırlayacağam. Pis şeylərdən düşünmək belə istəmirəm. Onlar məni daha da möhkəmləndirib. Həyat tək futboldan ibarət deyil. Burda çox dost tapdım, onlarla münasibətlərimizi davam etdirəcəyəm. Komandada çox oyunçu ilə çıxış etmişəm. Dəstək üçün onların hamısına təşəkkür edirəm. Siz mənim ən yaxşı yoldaşlarım idiniz, başqaları da yox idi”.
Qapıçı klubdakı insanlardan çox şey öyrəndiyini və buna görə onlara təşəkkür etdiyini vurğulayıb: “Normal əməkdaşlıq və dil bilmədiyim üçün göstərdikləri anlayışa görə bütün jurnalistlərə minnətdaram. Klubun “facebook” səhifəsindəki şəkillərim üçün də təşəkkür edirəm. Azərbaycana, Bakıya məni ilk gündən yaxın qohumu kimi qəbul etdiyi üçün çox razıyam. Mən özümü heç vaxt xarici kimi hiss etməmişəm. Sanki öz evimdə idim. Valideynlərim də buna görə hamınıza təşəkkür edir. Hələlik hansı klubda oynayacağımı bilmirəm. Amma heç vaxt oynamayacağım komandaların adlarını bilirəm. Əlbəttə ki, azarkeşləri unutmamışam. Ən yaxşını sona saxlamışam. Gedəcəyim məlum olanda sizlər məni müsbət mənada təəccübləndirdiniz. Onların mənə göndərdiyi ismarışlar və xoş arzular göstərir ki, mən hər halda, nə isə etmişəm. İlk növbədə davranışım və klubun formasına münasibətimlə. Mənim üçün çox şey olan dəstək üçün təşəkkür edirəm. Məhz bu dəstək sayəsində ağrı və yorğunluq hiss etməmişəm. Bunu hər futbolçu deyə bilər. Çünki emosiyaları almaq olmaz. Getməyimə üzülməyib, özünüzə yeni “lyubimçik” tapın, komandanızı yaxşı və pis gündə dəstəkləməkdə davam edib. Oyunçular, məşqçilər, rəhbərlik dəyişir, amma siz azarkeşlər həmişə qalacaqsınız. Nahaq yerə demirlər ki, azarkeşlər komandanın aynasıdı. Mən sizin klubun rəngləri üçün mübarizə aparmışam və sizlərdən biri olacağam. Mənə ilk növbədə insan, sonra qapıçı kimi hörmət etdiyiniz üçün bir daha təşəkkür edirəm”.apasport