"Neftçi"nin idman direktoru Vəli Qasımovun müsahibəsi
- Aydın məsələdir ki, Arif Əsədovu istefaya siz göndərməmisiniz. Amma hər halda bu istefa ilə bağlı fikirləriniz ola bilər...
- Komanda mövsümün son matçlarında bizim istədiyimiz kimi oyun sərgiləmirdi. Bu, istefanın əsas səbəbi oldu.
- Bəs "Neftçi" Azərbaycan Kubokunu qazansaydı?
- Planımızda baş məşqçini istefaya göndərmək yox idi. Əməkdaşlığımız davam edəcəkdi. Amma "Qarabağ"la oyun göstərdi ki, hər şey rəhbərliyin istədiyi kimi getmir. Komanda istədiyimiz kimi oynamırdı.
- Sual doğuran məqamlardan biri istefanın final matçından dərhal sonra elan olunması oldu. Belə çıxır ki, bu istefa artıq final maçtından öncə dəqiqləşmişdi?
- Müşahidə Şurası belə qərar verdi. Bir daha təkrar edirəm, finaldan əvvəl Əsədovu istefaya göndərmək gündəmdə deyildi. Biz daha maraqlı komanda yaratmaq istəyirik.
- Avropa Liqasına bir aydan da az vaxt qalıb. Bəs yeni baş məşqçi nə vaxt müyyənləşəcək?
- Düzünü desəm, bizim yeni baş məşqçi axtarmaq planımız yox idi. Yalnız indi axtarışa başlamışıq. Komanda müvəqqəti olaraq Samir Əliyevə tapşırılıb. Biz isə yeni baş məşqçi axtarışımızı davam etdiririk.
- Yəni komandanı Avroliqa oyunlarına Samir Əliyevin çıxarması mümkündür?
- İndi bu haqda danışmaq çətindir. Hər şey ola bilər.
- Yeni baş məşqçi əcnəbi olacaq?
- Böyük ehtimalla, hə. Amma bütün variantları nəzərdən keçiririk. Sizə deyim ki, ölkəmizdə belə variantlar çox azdır.
- Yuri Syominin təyinatı nə dərəcədə inandırıcıdır?
- Məndə olan məlumata görə, onunla heç bir danışıq aparılmır. Bundan sonra əlaqə saxlanılacağını da deyə bilmərəm.
- "Xəzər Lənkəran" idman direktoru Yunis Hüseynova tapşırıldı. "Neftçi"də də oxşar ssenari mümkündür?
- Xeyr. Çünki klubun yeni strukturu tam fərqli yolla gedir. Biz "Neftçi"ni tam fərqli bir səviyyəyə çıxarmaq istəyirik.
- Saşa Stamenkoviç komandanı tərk etdiyini bildirib. Onun davamçıları olacaqmı?
- Müqaviləsi başa çatan futbolçular. Bunlar Pavel Doroşev, Nikolas Kanales, Julius Vobay, Denis Silvadır. Hazırda onlar "Neftçi"nin üzvləri deyil. Mümkündür ki, onlardan hansılarlasa danışıqlara başlayaq, komandada saxlayaq. Yerli futbolçularala danışıqlara yenicə start vermişik. Amma heç kimlə yeni müqavilə imzalamamışıq.azerisport