"Bakı-2015" alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün - iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu olub.
1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» musabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak ediblər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.
Mərasim "Bakı-2015"ə həsr olunmuş bədii proqramla davam etdirildi. "Bakı-2015"in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.
Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüartlarını bölüşüb: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Minillərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci dəfə keçiriləcək Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Alov səyahətindən şəkillərə baxmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Beləliklə, "Bakı-2015"in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah, iyunun 7-də alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.