Bir neçə gündən sonra milli komandamız AVRO-2016 seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Malta ilə ev qələbəsindən sonra Robert Prosineçki yığmanı Norveç səfərinə aparmalıdır.
Norveçlə oyun öncəsi millimiz Serbiya ilə yoldaşlıq matçına çıxıb. Qeyri-rəsmi görüşlərdə qeydə alınan nəticələr tənqid üçün ciddi əsas olmasa da, oyun komponentində bəzi nüansları göstərmiş olur. Misal üçün, 1:4 hesabı ilə məğlub olduğumuz oyunda standart vəziyyətlərdən qapımızda iki qol gördük. Norveçlə oyunda buraxdığımız yeganə qolun da künc zərbəsindən sonra vurulduğunu nəzərə alsaq, belə vəziyyətlərin bizim üçün bir bəla olduğunu deyə bilərik. Yalnız bumu?
Serbiyayla görüşdə topa nəzarət faizi təxminən bərabər olsa da, kənardan elə təəssürat yaranırdı ki, rəqib bizi bu komponentdə açıq-aşkar üstələyir. Niyə? Çünki topa nəzarət elədiyimiz anlarda belə, futbolçularımız bir qədər inamsız, sanki, hücuma çox tələsirmiş kimi gözə dəyirdi. Bəlkə də, bunun nəticəsidir ki, əksər hallarda rəqibin qapısına yaxınlaşanda, futbolçularımız yersiz top itikilərinə yol verirdi. Ümumiyyətlə, komandamızda sürətin çatmadığı açıq-aydın görünürdü. Futbolda sürətin 6 növü (toplu, topsuz, reaksiya, qərar, oyun oxuma, dərk) var ki, bizim futbolçuların oyununda onların çoxunu görmək olmurdu. Rəqibin irəli xətdə təpki göstərdiyi oyunda yarımmüdafiənin mərkəzində çıxış eləyən futbolçular o qədər səliqəli oynamalıdılar ki, top itməsin, hücumu davam etdirmək üçün variantlar yaransın, irəlidə olanları zərbə mövqeyinə çıxarmaq mümkün olsun. Təəssüf ki, milli üzvləri arasında ən yaxşı formada olan Cavid Hüseynov bu oyunda zəif təsir bağışladı. Oyun qurucusu mövqeyində yer alan Cavid xeyli top itkisinə yol verdi və heç cür bu oyunda özünü tapa bilmədi. Rahid Əmirquliyev də daha çox dağıdıcılıqla məşğul olduğu üçün Nazarov hücum qurmaq istiqamətində çox böyük çətinliklərlə üzləşmişdi. Ancaq onun effektli zərbə vurmaq bacarığı bu dəfə də işimizə yaradı. Nazarov yenə baxımlı qola imza atdı. Ancaq diqqət etdinizsə, bu, oyun ərzində vurduğumuz ilk və son dəqiq zərbə oldu. İkinci hissədə meydana daxil olan Coşqun Diniyev orta sahədə sərgilədiyi sərbəstliklə Norveçlə oyunda milliyə kömək edə biləcəyini göstərdi. Hərçənd, onun sayəsində orta sahədə bir qədər rahatlıq yaransa da, irəlidə ciddi heç nə yarada bilmədik.
Orta sahəni keçmək mümkün olmayanda, hücum tapşırığını cinahlar hesabına yerinə yetirmək lazım gəlir ki, belə vəziyyətlərdə cinah müdafiəçilərinin üstünə böyük yük düşür. Təəssüf ki, cinahlarda çıxış eləyənlərdən nə Mirzəbəyov, nə də Daşdəmirov bu yükü qaldıra bildi. Mirzəbəyov bir neçə epizodda hücuma pis qoşulmasa da, müdafiə planında rəqibə çox boşluq verirdi. Cinah müdafiəçilərimizdə görünən çatışmazlıqlardan biri də o idi ki, topla yaxşı rəftar edə bilmirdilər. Rəşad Sadıqovun ötürmə mədəniyyəti, Ruslan Abışovun topla davranış qabiliyyəti cinah müdafiəçilərində sezilmirdi. Yəni, yalnız qaçmaqla o effektivliyi təmin etmək mümkün deyil.
Robert Prosineçkinin iş üslubunda müasir futbol elementləri görünsə də, onun mövqe üzrə futbolçu seçimində səhvlərə yol verdiyini iddia etmək olar. Xorvat mütəxəssisin Ruslan Qurbanovu israrla yarımmüdafiənin sağında, Əfran İsmayılovu solda oynatmağını anlamaq olmur. Axı, onların yerini dəyişsə, hər ikisi üçün rahat olar. Digər tərəfdən hərəkətliliyi ilə seçilən Ruslanı hücumda istifdə etmək daha yaxşı olardı. Əvəzində, Cavid Hüseynovu sol cinaha çəkməklə, Nazarovu bir qədər irəli, onun yerinə isə Coşqun Diniyevi və ya Qara Qarayevi də qoymaq olar. Birincisi, orta xətt daha güclənər. İkincisi, Cavid cinahda daha yaxşı təsir bağışlayır. Nəhayət, Ruslan Qurbanov hücumdakı dişsizliyə çarə ola bilər. Prosineçkinin futbolçuların potensialına tam bələd olmamasında qəbahətli heç nə yoxdur.O, yenidir. Bu baxımdan yerli köməkçiləri ona yardımçı olmalıdırlar.
İyunun 12-də Norveçlə oyun var. Serbiya ilə oyun göstərdi ki, Malta qələbəsinin eyforiyası ilə Norveçlə oyuna çıxmaq düzgün deyil, Norveç Malta deyil!
Emin ABBASOV