Serbiyaya məğlubiyyətin səbəbkarları - DƏYƏRLƏNDİRMƏ

11:48 8 İyun 2015

Milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyun öncəsi dünən Serbiya ilə qarşılaşdı. Baş məşqçi Robert Prosineçkinin məqsədi bu matçda futbolçuların hazırkı durumunu görmək idi.

 

Yəqin ki, gördükləri Prosineçkinin heç ürəyincə olmayıb. Düzdü, yoxlama görüşü olduğundan, xorvatiyalı mütəxəssisin heyətdə eksperimentlər aparmasını normal qarşılamaq olar. Amma futbolçuların meydanda bir-birləri ilə anlaşması çox aşağı səviyyədə idi. Komanda nə hücum, nə də müdafiə futbolu sərgilədi.

 

Rəqibin vurduğu 3-cü qol yığmamızın hansı durumda olduğunu açıq-aydın göstərdi. Serblər az qala qapımızın içində “paslaşıb” qol vurdular. Hərə öz mövqeyinə cavabdehlik daşıyırdı, oyunun gedişində yerdəyişmələrə şahidlik etmədik. Bir sözlə, yığmamız müasir futbolun tələblərinə uyğun oynamadı.

 

Serblərin bütün cərimə və künc zərbələri qapımız qarşısında böyük təhlükə yaradırdı. Maraqlıdı, Serbiya ilə “ikinci mərtəbə”də bacarmayan Norveçə qarşı nə edə bilər?

 

Futbolçuların tək-tək dəyərləndirməsindən öncə baş məşqçi barədə 1-2 cümlə demək yerinə düşər. Prosineçkinin israrla Əfran İsmayılovu sol, Ruslan Qurbanovu isə sağ cinahda oynatmasını başa düşmək mümkün deyil. Bundan əlavə, xorvat çalışdırıcı görüşün gedişində heç bir taktiki dəyişikliklər etmirdi. Komandamız matça 4-5-1 taktiki sxemi ilə başladı. İkinci hissədə 6 dəyişiklik olsa da, sxem olduğu kimi qaldı.

 

 

Kamran Ağayev – “Kayserispor”da uğurlu dövrə keçirən qolkiper dünənki qarşılaşmanın ən zəiflərindən biri idi. Hesab bərabərləşdikdən sonra yığmamız xeyli fəallaşdı, futbolçularda inam yarandı. Amma məhz Ağayevin kobud səhvi bu inamı alt-üst etdi. İkinci və dördüncü qol birbaşa onun hesabına yazılmalıdı. Ümumilikdə, Ağayev oyun ərzində cəmi bir dəfə rəqibin fərqlənməsinə mane ola bildi. “Çərçivə”yə gələn 5 topdan 4-ü tora düşdü. Uzaq məsafədən yaxın küncə vurulan topu çıxara bilmirsənsə, bu formanı geyinməyi haqq etmirsən. Nə edək ki, hazırda ən yaxşımız odu. Amma Kamran Norveçlə matçı da belə keçirsə, vay halımıza.

 

Rəşad Sadıqov – Bir hissə mübarizə aparan kapitana çox iş düşmədi. Çünki rəqib, demək olar mərkəzdən hücum qurmadı. Serblərin bütün həmlələri sol cinahdan  olurdu. Məhəmməd Mirzəbəyov orda tək qaldığından, Rəşad nisbətən sola çəkilib, ona kömək etməyə çalışırdı.

 

Ruslan Abışov – Rəşad kimi, Ruslanın da üzərinə ilk hissədə çox yük düşmədi. Amma fasilədən sonra kapitanın əvəzlənməsi ilə Abışov arxa xətdə liderliyi üzərinə götürdü. İkinci hissədəki dəyişikliklərdən sora serblər də taktikanı dəyişdilər, əsasən mərkəzdən təzyiqlər etməyə başladılar. Millimiz 4 top buraxmasına baxmayaraq, Ruslanın zəif oynadığını demək ədalətsizlik olardı. İkinci hissədə düz 3 dəfə özünü zərbənin qarşısına atdı, topun qapıya ünvanlanmasına imkan vermədi. Rəqibin bir neçə hücumunu da yarımçıq kəsdi.

 

Arif Daşdəmirov – Serblər görüşboyu sol cinahda yer alan müdafiəçini narahat etmədilər. Arif o qədər rahat idi ki, müdafiədən çox hücumda olurdu.

 

Məhəmməd Mirzəbəyov – Qapımıza vurulan ilk qolda onun səhvi az olmadı. Məhz Məhəmməd təhlükəli zonada artıq hərəkət edincə, topu itirdi və rəqib künc zərbəsi qazandı. Kornerdən ötürülən top da qolla nəticələndi. Amma ilk hissədə hamıdan çox ona iş düşdü. Çünki Serbiya bütün hücumları sol cinahdan qururdu. Əksər vaxtlarda rəqibin 2-3 oyunçusuna qarşı mübarizə aparmalı olurdu. Önündəki Ruslan Qurbanovla anlaşması zəif idi. Mirzəbəyov ara-sıra imkan tapıb özü də hücumlara dəstək olurdu. Vurulan qolun ötürməsini də o verdi. İkinci hissədə serblər mərkəzə meyl etdiyindən, sağ cinah müdafiəçisi rahat nəfəs aldı.

 

Rahid Əmirquliyev – Oyunun ən yaxşılarından biri idi. Rəqibin əksər hücumlarının qarşısını təkbaşına məharətlə alırdı. İlk hissədə Cavid Hüseynov və Dmitri Nazarovun zəif çıxışı müqabilində orta sahədə boşluq yaranmasına imkan vermədi. Üstəlik, hücumların qurulmasında da yaxından iştirak edirdi. İkinci hissədə də eyni stabilliyi davam etdirdi. Sadəcə, yanındakılar ona lazımi köməkliyi etmirdilər.

 

Dmitri Nazarov – İlk 45 dəqiqəni meydançada keçirən Nazarov bacarığından çox aşağı səviyyədə çıxış etdi. Yalnız ara-sıra müdafiəyə kömək etməyə gələndə görünürdü. Nə hücumlara fəal qoşulur, nə də cinahları topla təmin edirdi. Amma vurduğu mükəmməl qolla bütün bunları unutdurdu.

 

Cavid Hüseynov – Oyunun ən zəifləri arasına düşünmədən onu qoymaq olar. Heç cür yığmada klubundakı kimi oynaya bilmir. Topu hər dəfə özündə çox saxlayır, nəticədə itirirdi. Bir neçə dəfə komandamız əks-hücum imkanı yaxalasa da, məhz Hüseynovun ləng oyunu sayəsində rəqib futbolçular topu ondan aldılar. İkinci hissədə nisbətən fəallaşsa da, millimizə heç bir xeyri dəymədi.

 

Əfran İsmayılov – Cinahda Arif Daşdəmirovla yenə yaxşı anlaşırdı. Lakin lazımi ötürmələri almayınca, məcbur olub özü mərkəzə çəkilir, orda topu qəbul edirdi. İkinci hissədə isə artıq ayaq üstdə dura bilmirdi. Fiziki cəhətdən “çatdırmırdı” ki, vaxtında da əvəzləndi.

 

Ruslan Qurbanov – Matçın əvvəllərində cəmi bir dəfə təhlükəli reydi ilə yadda qaldı. Rəqibin ilk qolunda İvanoviç məhz Ruslanla hava mübarizəsindən qalib ayrıldı. İkinci hissədə isə əvəzlənənə qədər meydançada görünmürdü.

 

Məhəmməd Qurbanov – Hücumda, demək olar ki, tək qalmışdı. İstədiyi kimi topla təmin olunmurdu. Yalnız canfəşanlığı ilə diqqət çəkdi.

 

 

Sonradan meydançaya daxil olanlar:

 

Bədavi Hüseynov – İkinci 45 dəqiqədə Ruslan Abışovla müdafiənin mərkəzində tandem təşkil etdi. O qədər də yaxşı təsir bağışlamadı. Abışov, demək olar ki, mərkəzdə təkbaşına mübarizə aparırdı. Rəqibin 4-cü qolunda Kamran kimi, onun da “əməyi” az olmadı.

 

Coşqun Diniyev – Təcrübəsizliyi dərhal hiss olunurdu. Oyuna həyəcanlı qoşulsa da, getdikcə bunu yendi.  

 

Qara Qarayev – Meydançaya daxil olandan sonra yığmamız topla daha çox rəftar etməyə başladı. Uzun ötürmələrlə nəsə etməyə çalışdı.

 

Elvin Məmmədov – Meydançada olduğu müddətdə varlığı ilə yoxluğu hiss olunmadı.

 

Araz Abdullayev – Bir-iki uğursuz reydindən başqa, o da görünmədi.

 

Vüqar Nadirov – O da Məhəmməd Qurbanov kimi, irəlidə tək qalmışdı. Sürəti sayəsində uzun ötürmələr zamanı rəqib müdafiəçilərinə çətin anlar yaşatsa da, hücumda tək heç nə edə bilməzdi. apasport.az


Digər xəbərlər

Xəbər xətti