Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib. Klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə iclasda bir sıra qərarlar qəbul edildiyini bildirib.
Onun sözlərinə görə, əsas müzakirə mövzusu transfer siyasəti və baş məşqçi məsələsi olub: “Klubdaxili iclas olduğundan, bəzi qərarları ictimailəşdirmək doğru olmaz. İlk növbədə transferlər barədə müzakirələr aparılıb. Hər transfer dönəmində komandaların müxtəlif oyunçularla maraqlanması, danışıq aparması normal haldı. “Neftçi” də heyətini gücləndirmək üçün müəyyən addımlar atacaq. O ki qaldı baş məşqçi məsələsinə, hələ ölkə kubokunun finalından sonra bu post əvəzedicilərin çalışdırıcısı Samir Əliyevə tapşırılmışdı. Müşahidə Şurası bu qərarı bir daha təsdiqləyib. Komandanı yay təlim-məşq toplanışına məhz Samir Əliyev aparacaq”.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Qarabağ”a (1:3) məğlubiyyətdən sonra baş məşqçi Arif Əsədovu istefaya göndərən “Neftçi” futbolçulardan hələlik Mirhüseyn Seyidov, Rauf Əliyev və Saşa Stamenkoviçlə yollarını ayırıb.apasport